"İşğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi bərpa-quruculuq işlərini ləngidir və mülki əhalinin, o cümlədən uşaqların həyatını təhlükə altına qoyur"
Bunu “Report”a müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. Ombudsmanın müsahibəsini təqdim edirik:
- Son dövrlər ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində hansı işlər görülüb?
- Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlət siyasətində prioritet istiqamətlərdəndir. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq mühüm işlər görülür.
1992-ci ildə ölkəmizin qoşulduğu “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının implementasiyası məqsədilə respublikamızda uşaqların müdafiəsi sahəsində müxtəlif istiqamətlər üzrə islahatlar həyata keçirilmiş, güclü qanunvericilik bazası formalaşdırılmış, bu sahədə mühüm nailiyyətlər əldə olunub. Ölkəmizdə bütün uşaqlar üçün bərabər imkanların yaradılması, təhsil, səhiyyə, sosial, istirahət və digər xidmətlərin daha əlçatan olması üçün aparılan islahatlar bu gün də davam etdirilir.
Azərbaycan Pezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın və 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin və institusional strukturun təkmilləşdirilməsinə, uşaqların hüquqlarının qorunmasına xidmət edir.
Məlum olduğu kimi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri aparılır, uzun illər hüquqları pozulmuş keçmiş məcburi köçkünlərimiz sevinc hissi ilə doğma yurdlarına qayıdırlar. Keçmiş məcburi köçkün ailələrdən olan uşaqlar hazırda həmin ərazilərdə fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsil alır, onların hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlər görülür.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəmadi olaraq uşaqların hərtərəfli inkişafına xidmət edən çoxşaxəli fəaliyyət həyata keçirilir, müxtəlif layihələr icra olunur. Fondun dəstəyi ilə paytaxtda və regionlarda səhiyyə, təhsil, sosial xidmət və digər müəssisələrin tikilməsi və yenidən qurulması uşaqların hüquqlarının təmin edilməsi sahəsində atılan mühüm addımlardandır.
- Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətləri hansılardır?
- Azərbaycan Ombudsman təsisatı uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir. Uşaq hüquqlarının pozulmasına dair şikayətlərə baxılması, maarifləndirmə və təşviqat işinin aparılması, uşaqların hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərin keçirilməsi, normativ hüquqi bazanın, institusional strukturun təhlilinin aparılması və müvafiq qurumlara rəy və təkliflərin təqdim edilməsi, bu sahədə tərəfdaşlarla əməkdaşlıq istiqamətlərində fəaliyyət həyata keçirilir. Keçirilən tədbirlərdə uşaqların iştirakı təmin edilir, onlara hüquqları və problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək, təkliflər vermək imkanı yaradılır.
Müvəkkil əfvetmə ilə bağlı Azərbaycan Prezidentinə, amnistiya elan edilməsi barədə Milli Məclisə təkliflər verə bilər. Son 4 il ərzində Ombudsmanın vəsatətləri əsasında 172 şəxs əfv olunub ki, onlar arasında yetkinlik yaşına çatmayanlar da olub.
Müvəkkil “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə Müvəkkil və Milli Preventiv Qrup tərəfindən saxlanılan şəxslərin, o cümlədən uşaqların öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə başçəkmələr həyata keçirilir, uşaqların saxlanma şəraiti və hüquqlarının təmini vəziyyəti öyrənilir və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Qeyd olunan istiqamətlər üzrə fəaliyyəti zamanı Ombudsmanın Mərkəzi Aparatı və onun Regional Mərkəzləri tərəfindən uşaqların, xüsusilə çətin həyat şəraitində olan uşaqların hüquqlarının təmininə önəm verilir.
Xüsusi qayğıya ehtiyacı olan, o cümlədən autizm spektr pozuntusu olan uşaqların hüquqlarının müdafiəsi hər zaman diqqətimizdə olan məsələlərdəndir. Tərəfimizdən həmin uşaqların olduğu müəssisələrə davamlı monitorinqlər həyata keçirilir, onların hüquqlarının təmini vəziyyətləri ilə maraqlanılır, hüquqi maarifləndirici söhbətlər aparılır, problemlərin həlli istiqamətində müvafiq işlər görülür. Bununla yanaşı, autizm spektr pozuntusu olan uşaqların tədbirlərdə iştirakı təmin edilir, onların potensiallarının üzə çıxarılmasına dəstək göstərilir.
- Bu il Ombudsmana uşaq hüquqlarının müdafiəsi sahəsində yeni səlahiyyətlər verilib. Bu barədə məlumat verə bilərsiz?
- “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli Konstitusiya Qanununa əsasən, Müvəkkilə “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyəti verilib.
Ombudsmanın mandatının genişləndirilməsi uşaq hüquqlarının daha etibarlı müdafiəsi və bu sahədə mövcud normativ hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edim ki, Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərini, həmçinin BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrini nəzərə alaraq, Ombudsman Aparatında Uşaq hüquqlarının müdafiəsi sektoru yaradılıb. Sektorun yaradılması bu sahədə fəaliyyətin sistemləşdirilməsinə və uşaqların hüquqlarının səmərəli müdafiəsinə xidmət edir.
- Hər il tərəfinizdən “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd nədən ibarətdir?
- Hər il “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən ölkədə 20 oktyabr-20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.
Aylıqla bağlı dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media və digər aidiyyəti qurumlara tərəfimizdən müraciət ünvanlanır və aylığa qoşulmaqla müxtəlif tədbirlərin keçirilməsinə çağırış edilir.
Aylıq çərçivəsində ölkənin paytaxtı və regionlarda Ombudsman Aparatı və müvafiq qurumlar tərəfindən uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Uşaqların və onlarla təmasda olan şəxslərin uşaq hüquqları sahəsində məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirləri və təşviqat kampaniyaları təşkil edilir.
Uşaqların, xüsusilə çətin həyat şəraitində olan – valideyn himayəsindən məhrum olmuş, əlilliyi müəyyən edilmiş, baxımsız və sosial təhlükəli vəziyyətdə olan, hüquq pozuntusu törətmiş, zorakılığa məruz qalmış, müharibədən əziyyət çəkən, qaçqın, məcburi köçkün, miqrant və digər kateqoriyalara aid olan uşaqların vəziyyətinin öyrənilməsinə dair araşdırmalar aparılır.
- Müharibədən əziyyət çəkən uşaqlarla bağlı tərəfinizdən hansı işlər görülür?
- Məlumat üçün bildirirəm ki, Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən torpaqlarımızın işğalı zamanı və daha sonra Vətən müharibəsində törədilən terror aktları nəticəsində uşaqların hüquqlarının pozulması ilə bağlı beynəlxalq qurumlara dəfələrlə müraciətlər ünvanlamışam.
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin əhalinin sıx yaşadığı yaşayış sahələri qəsdən və məqsədli olaraq intensiv şəkildə artilleriya atəşinə tutması nəticəsində 12-si uşaq olmaqla 90-dan çox mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla 450-dən çox şəxs isə yaralanıb. Bu baxımdan, müharibədən əziyyət çəkən ailələrə və uşaqlara psixoloji yardım xidmətlərinin göstərilməsi təşkil edilmiş, şəhid ailələri ziyarət edilmiş və onların hüquqlarının təmini daima diqqətdə saxlanılıb.
Eyni zamanda, tərəfimizdən “Ermənistan tərəfindən azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair” hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib. Hesabatda uzun illər Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb olunması ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd edilmiş məlumatlardan və digər mənbələrdən istifadə olunub.
Qeyd etdiyim kimi hazırda işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış və bərpa-quruculuq işləri ilə səciyyələn yeni inkişaf mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi qeyd olunan prosesləri ləngidir və mülki əhalinin, o cümlədən uşaqların həyatını təhlükə altına qoyur. Bu baxımdan hesab edirəm ki, mina təhlükəsizliyi ilə bağlı əhali arasında maarifləndirmə işlərinin müntəzəm aparılmasına ehtiyac var. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən hüquq pozuntularının dünya ictimaiyyətinə çatdırılması böyük önəm daşıyır.
- Uşaq hüquqlarının səmərəli müdafiəsi məqsədilə Ombudsmanın beynəlxalq təşkilatlarla və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı hansı formada həyata keçirilir?
- Qeyd etmək istərdim ki, təsisatımız beynəlxalq insan hüquqları təşkilatları, xarici ölkələrin insan hüquqları təsisatları, eləcə də ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə faydalı əməkdaşlıq əlaqələri qurur. Beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan tədbirlərdə xarici ölkələrin bu istiqamətdə müsbət təcrübələri öyrənilir, eyni zamanda, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində vəziyyət, Ombudsmanın bu istiqamətdə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılır.
Hazırda Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti və İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə heyətinin üzvü kimi insan hüquqlarının təmin olunması sahəsində ölkədə görülən işləri, əldə olunmuş nailiyyətləri müntəzəm olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıram.
Ombudsman təsisatı milli insan hüquqları təsisatlarının və ombudsmanların beynəlxalq təşkilatlarının üzvü olaraq həmin qurumlarla sıx əməkdaşlıq edir. Eyni zamanda, tərəfimizdən təşkil olunan bir sıra tədbirlərdə xarici ölkələrin insan hüquqları təsisatları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir, işğal edilmiş ərazilərə onların səfərləri təşkil edilir, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətlə yaxından tanış olaraq, geniş təcrübə mübadiləsi aparılır.
Uşaq hüquqları da daxil olmaqla, bütövlükdə insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə müntəzəm olaraq müzakirələr keçirilir. Təşkil edilən görüşlərdə bu sahədə mövcud çətinliklər və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılır. Hesab edirəm ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət qurumları, yerli özünüidarə orqanları və aidiyyəti qurumlarla yanaşı, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq bu sahədə mövcud problemlərin həllinə töhfə verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.