Yuxarı

Ombudsman: ​"ABU ləğv edilənə kimi oraya TQDK-dan kənar yolla qəbul edilən və məzun olanlara diplom verilib"

Bu da aydındır ki, diplom blankları təhsil müəssisələrinə Təhsil Nazirliyi tərəfindən verilir

Bakı. 26 fevral. REPORT.AZ/ Təhsil hüququ ilə bağlı ombudsmana 140 müraciət daxil olub. "Report"un məlumatına görə, bu barədə "Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində bildirilir.

Məruzədə tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri müəyyən edilmiş qaydada icra etməməsinin şikayətlərə səbəb olduğu vurğulanıb. Aparılan yoxlamalar nəticəsində aşkar edilən nöqsan və çatışmazlıqlar aradan qaldırılıb, təqsirkar tədris işçiləri cəzalandırılıb.

Hesabatda o da qeyd olunub ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ləğv edilməsindən sonra yaranan və indiyədək davam etməkdə olan ciddi problemlərdən biri də oradan məzun olmuş vətəndaşların hələ də ali təhsil haqqında diplom ala bilməməsidir. Əslində Təhsil Nazirliyi ABU-nun rəhbərliyi tərəfindən tələbələrin aldadılmasından xəbərsiz olmayıb, həmin universitetin ləğv edildiyi vaxta kimi istər TQDK xətti ilə, istərsə də köçürmə qaydasında, yaxud TQDK-dan kənar yolla qəbul edilmiş və məzun olmuş şəxslərə müvafiq qaydada diplom verilib. Bu da aydındır ki, diplom blankları təhsil müəssisələrinə Təhsil Nazirliyi tərəfindən verilir. Müvəkkil qeyd edilənləri nəzərə alaraq, həmin tələbələrə müvafiq ali təhsil haqqında diplomun verilməsi məsələsinə baxılmasını və həll olunmasını məqsədəuyğun hesab edir.

Hesabatda qeyd olunub ki, orta məktəblərdə keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə dair TQDK-nın açıqladığı statistik məlumatlar təhsilin real vəziyyəti ilə bağlı dərindən düşünməyə və təxirəsalınmaz tədbirlər görməyə əsas verir.

Bəzi şikayətlərdə vətəndaşlar xarici dövlətlərdə aldıqları ali təhsil haqqında diplomun tanınması məqsədilə Təhsil Nazirliyinə müraciət edərkən aylarla gözləmək məcburiyyətində qaldıqlarını və süründürməçiliklə üzləşdiklərini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi