Naxçıvan Ali Məclisinə seçkilərdə 45 yer uğrunda 135 namizəd mübarizə aparacaq

Naxçıvan Ali Məclisinə seçkilərdə 45 yer uğrunda 135 namizəd mübarizə aparacaq Bu namizədlərin 44 nəfəri Yeni Azərbaycan Partiyasının, 46 nəfəri müxalifət partiyalarının nümayəndələridir
Daxili siyasət
30 Oktyabr , 2015 10:13
Naxçıvan Ali Məclisinə seçkilərdə 45 yer uğrunda 135 namizəd mübarizə aparacaq

Bakı. 30 oktyabr. REPORT.AZ/ Noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinə keçiriləcək seçkilərdə 45 seçki dairəsi üzrə 135 namizəd qeydə alınıb.

"Report"un xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məhərrəm Qasımov məlumat verib.

O bildirib ki, həmin namizədlərdən 45-i deputat seçiləcək: "Bu namizədlərin 44 nəfəri Yeni Azərbaycan Partiyasının, 46 nəfəri müxalifət partiyalarının nümayəndələri, 45 nəfəri isə bitərəflərdir".

M.Qasımov bildirib ki, Azərbaycan Milli Məclisinə seçkilərdə Naxçıvan MR-dən 7 seçki dairəsi üzrə 29 nəfərin namizədliyi qeydə alınıb: "Onlardan 7-si deputat seçiləcək. Namizədlərin partiya mənsubiyyətinə görə 5 nəfəri Yeni Azərbaycan Partiyasının, 16 nəfəri müxalifət partiyalarının nümayəndələri, 8 nəfəri isə bitərəflərdir".

O deyib ki, Naxçıvan üzrə seçicilərin sayı 268 min 463 nəfərdir: "Bunlardan 137 min 454 nəfəri qadın, 131 min 9 nəfəri isə kişidir. 4 799 nəfəri ilk dəfə səs verən seçicilərdir. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə seçicilərin sayı 2033 nəfər artıb".

M.Qasımov qeyd edib ki, muxtar respublikada Azərbaycan Milli Məclisinə və Naxçıvan Ali Məclisinə seçkilər üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb.

Son xəbərlər

Orphus sistemi