Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun filialı açılacaq. "Report" xəbər verir ki bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Kamal Abdullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, Nardaran camaatı ilə onların ümumi və multikultural əhvalının, dinə və dövlətə münasibətinin həmahəng qurulması istiqamətində bir çox işlər görüləcək: "Nardaran sakinləri buna mənən hazırdır. Nardaranda, Bakının digər kəndlərində çox ağıllı ziyalılarımız olub, indi də var. Bizim əsas dayaq nöqtəmiz o insanlar olacaq. Azərbaycan dövlətçiliyini qəbul edən və dəstəkləyən insanlar. Nardaran camaatı bu insanların önündə getməyə hazır olan insanlardır".