Yuxarı

​AXCP və Müsavat Partiyasının rəhbərliyi arasında münasibətlər gərginləşib

Elman Fəttah: Müsavat Partiyasının mitinqi Milli Şuranın mitinqindən heç də zəif olmayıb

Bakı. 15 dekabr. REPORT.AZ/ "Müsavat Partiyasının siyasi xətti ondan ibarətdir ki, mübarizə müxalifətin daxilində getməməlidir. Təəssüflər olsun ki, Müsavat Partiyasının mitinqindən sonra bəzi cəbhəçilər sosial şəbəkələrdə müxalifətin maraqlarına zidd davranışları göstərdilər".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib.

O bildirib ki, Müsavatın mitinqi ilə bağlı AXCP üzvlərinin dedikləri hakimiyyətin maraqlarına xidmət edir: "Yəni, burada mübarizəni müxalifətin daxilinə çəkməyə çalışırlar. Hesab edirəm ki, bu, yolverilməzdir. Çalışacağıq, mübarizə müxalifətin daxilində olmasın".

E.Fəttah qeyd edib ki, Müsavat Partiyasının mitinqi Milli Şuranın aksiyasından heç də zəif olmayıb: "Burada etika məsələsi var. Müsavatçılar nə Milli Şuranın mitinqindən əvvəl, nə də sonra mitinq əleyhinə təbliğat aparmayıblar. İndi əksinə olaraq, onlar ciddi şəkildə Müsavat Partiyasının mitinqini gözdən salmaq üçün insanların azlığını israrla qeyd edirlər. Diqqət etsəz görərsiniz ki, Milli Şuranın da, Müsavat Partiyasının da mitinqlərində eyni mübarizəni aparan insanlar iştirak edir. Bəzi insanlar bilməyərəkdən daxillərindəki nifrəti büruzə verirlər. Bu da hakimiyyətə ciddi şəkildə xidmətdir. İnsanlara izah edə bilmirik ki, onların addımları yanlışdır".

Qeyd edək ki, Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi mitinqdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası arasında münasibətlər gərginləşib. Belə ki, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı "Facebook" sosial şəbəkəsində yazıb ki, bir mitinqin təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir, deməmək sayın azlığından utanmağı göstərmək üçündürsə, utanmağına dəyməz, çünki hər kəs "adamsızlığı" görüb: "Demək "bunu etməyin", "Milli Şuranı tərk etməyin" deyəndə biz haqlıydıq. Zamanında dediklərimiz sizə qarşı qərəzli olmağımızla bağlı deyildi, qərəzli olsaydıq sizi uğursuzluğa götürən bu yoldan saxlamağa çalışmazdıq, yanlışlarınızı deməzdik.

Ancaq yenə də düşünün, bu dəfə biz susuruq, cəmiyyətin sizə verdiyi 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarın, bu yol və gəldiyi yoldan sapmış yoldaşlar sizləri çox böyük bataqlığa sürükləyir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi