Yuxarı

Mübariz Qurbanlı: "Hansısa ailədə radikal gənc yetişirsə, burada ananın özünəməxsus günahı var"

İslam dininin yayıldığı coğrafiyaya baxsaq görərik ki, din ailə institutuna da təsir göstərib

Bakı. 6 fevral. REPORT.AZ/ "Ailə institutu zamana uyğun olaraq dəyişikliyə məruz qalıb. Əgər 500 il əvvəlki ailə institutunu bugünkü ailə institutları ilə müqayisə etsək, çox böyük fərqlər görəcəyik. Çünki hər bir dövrün ailəsi başqa cürdür". "Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ailə institutunun formalaşmasında dinin də təsiri var: "İnsanın dünyagörüşünün formalaşmasında dinin böyük rolu var. Bununla yanaşı, əxlaqi-mənəvi dəyərlərin, milli adət-ənənənin yaranmasında mütləq ətraf mühit, mövcud olduğu cəmiyyət təsir göstərir. İslam dininin yayıldığı coğrafiyaya baxsaq görərik ki, din ailə institutuna da təsir göstərib".

"İslam dininin bəzi dəyərləri var ki, onlar bizim ərazimizdə yayılsa da, çox geniş şəkildə özünə yer tapa bilməyib. Məsələn, Azərbaycan ailəsində uzun müddət bir kişi, bir qadın modeli xalqın yaddaşında qalıb və bu gün də davam edir. Bəzi kənarlaşmalar olsa da, bu, kütləvi xarakter daşımır", - o, fikirlərinə əlavə edib.

M.Qurbanlı onu da qeyd edib ki, bu gün hədəfdə bir məsələ dayanır: "Ölkəmizin müstəqilliyini təhdid edən amillər var. Biz istəsək də, istəməsək də belə təhdidlər mövcuddur. Xarici amillər var ki, onlar Azərbaycanın müstəqil inkişafına əngəl olmaq istəyirlər, müxtəlif vasitələrdən istifadə edərək Azərbaycana təsir göstərməyə cəhd edirlər. Belə təsiredici vasitələrdən biri də dini ekstremizmdir. Dini ekstremizm deyəndə, təkcə islamda mövcud olan radikal qrupları deyil, eyni zamanda müxtəlif dinlərin Azərbaycanda yayılmasına cəhdləri görməkdəyik.

Bu gün Azərbaycanın müxtəlif bölgələrində xristian icmaları gəlib missionerlik fəaliyyəti göstərirsə və Azərbaycan ailəsinin əsas sütunu olan Azərbaycan qadını ənənəvi dəyərlərdən uzaqlaşaraq gedib həmin missionerlərin tədbirlərinə qatılıb orada xorla hansısa başqa dinə mənsub ayini oxuyursa, bu, məni çox təəccübləndirir. Bu, onu göstərir ki, deməli biz ailə içərisindəki təbliğatımızda hansısa çatışmazlığa yol vermişik. Buna imkan verməli deyilik. Yaxud da, hansısa ailədə radikal gənc yetişirsə, burada ananın özünəməxsus günahı var. Ona görə də bu hadisələri dərindən təhlil edərək nədən başladığını öyrənməyə çalışmalı və qabaqlayıcı tədbirlər görməliyik. Bunu yalnız bir dövlət qurumunun üzərinə qoyub ancaq ondan iş gözləmək doğru deyil. Burada cəmiyyətin bütün təbəqələri qarışıq şəkildə iştirak etməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi