Yuxarı

MSK sədrinin müavini: “Seçkidə iştirak edən 5 milyon seçicidən 50-100 nəfəri narazı qala bilər”

Mərkəzi Seçki Komissiyasının və Avropa İttifaqının Azərbaycandakı nümayəndələyinin təşkilatçılığı ilə seminar keçirilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa İttifaqının Azərbaycandakı nümayəndələyinin təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilib.

“Report”un məlumatına görə, seminarda MSK sədrinin müavini Natiq Məmmədov, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts, seçki məsələləri üzrə ekspert Sergey Kaleçenko, MSK üzvləri, MSK katibliyinin təmsilçiləri və dairə seçki komissiyalarının nəzdində olan ekspert qruplarının üzvləri iştirak edib.

MSK sədrinin müavini Natiq Məmmədov çıxışında Azərbaycanın 20 ildən artıqdır müstəqillik əldə etdiyini qeyd edib: “Bu müddət ərzində Avropa məkanına daxil olmuşuq. Ölkədə çoxpartiyalı sistem mövcuddur, burada xalqın iradəsi əksini tapır. 5 milyondan artıq seçici, 50-dən çox siyasi partiya var. Azərbaycan bu istiqamətdə inkişaf edir”.

O bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda keçirilən seçkilərdə də bəzən problem olur, çünki seçki geniş prosesdir: “Burada seçicilərinin hamsının hüquqlarının təmin edilməsi asan məsələ deyil. Buna baxmayaraq, 2010-cu ildə keçirilən parlament seçkilərində MSK-ya daxil olan şikayətlərin sayı 267, 2013-cü ildə keçirilən prezident seçkilərində isə 19 olub. Bu, yaxşı haldır. Ölkədə seçki ilə bağlı təkmilləşdirmə işi aparılır. Seçkidə iştirak edən 5 milyon seçicidən 50-100 nəfəri narazı qala bilər. Biz azlıqda qalan şəxslərin də şikayətlərini və müraciətlərini araşdırmalıyıq”.

N.Məmmədov deyib ki, Azərbaycanda keçirilən seçkiləri on minlərlə müşahidəçi izləyir: “Seçkilərə təkcə Avropa Məhkəməsi qiymət vermir, həm də beynəlxalq təşkilatların müşahidə missiyası bu işlə məşğul olur. Təəssüflər olsun ki, bir sıra hallarda bəzi beynəlxalq təşkilatların apardığı müşahidənin nəticəsi Avropa Məhkəməsinin qərarı ilə uyğunlaşmır. Onlar apardıqları müşahidənin məkanı və vaxtı ilə bağlı məlumat vermirlər. Kiminsə fikirləri əsasında hansısa qənaətə gəlirlər”.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts çıxışında qeyd edib ki, demokratik seçkilər demokratiyanın əsaslarından biridir: “Buna görə də Avropa İttifaqı müxtəlif proqramlar çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Mərkəzi Seçki Komissiyası bu sahədə nailiyyətlər əldə edib, öz fəaliyyətində beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır. Bizim birgə fəaliyyətimiz seçki prosesinin təkmilləşdirilməsinə öz töhfəsini verir”.

Ekspert Sergey Kalçenko “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyası tərəfindən baxılması: Avropa standartları və Azərbaycan qanunvericiliyinə dair” mövzusunda təqdimatla bağlı çıxış edib.

Tədbir çıxışlarla davam etdirilib.

Seminar sentyabrın 5-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi