Bakı. 20 avqust. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov 2016-cı il sentyabrın 26-a təyin edilən referendumla bağlı bir sıra tapşırıq və tövsiyələr verib.
“Report”un xəbərinə görə, Azərbaycanda bundan əvvəlki seçkilərin yüksək səviyyədə baş tutduğunu bildirən M.Pənahov deyib ki, heç vaxt arxayınlaşmaq olmaz: “İnsan fəaliyyətinin bütün sahələrində problemlər o zaman yaranır ki, arxayınlıq olur və işə laqeyd yanaşılır”.
M.Pənahov vurğulayıb ki, referendum tarixi əhəmiyyət kəsb edən bir prosesdir və bu məsələyə ciddi yanaşılmalıdır: “Burada seçki komissiyaları rəhbərlərinin və üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Heç kimin referenduma qeyri-ciddi və ya laqeyd yanaşmağa haqqı yoxdur”.
M.Pənahov referendumla bağlı bütün tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, həm seçki komissiyalarının üzvlərinə seminarlar keçirilir, həm də yerlərdə maarifləndirmə işləri aparılır. M.Pənahov referendumun yüksək səviyyədə baş tutması üçün bütün şəraitin yaradıldığını və lazımi işlərin görüldüyünü vurğulayıb.