Yuxarı

MSK Müsavat başqanlığına sabiq namizədin şikayətinə baxıb

MSK üzvü deyib ki, Tural Abbaslının təqdim etdiyi aktların hamısını bir nəfər tərtib edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslının müraciətinə baxılıb.

“Report”un məlumatına görə, T.Abbaslı dairə seçki komissiyasının noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı qərarını mübahisələndirib.

O bildirib ki, həmin dairənin məntəqələrində səsvermə günü qanun pozuntularına yol verilib.

T.Abbaslı müraciətində qeyd edib ki, dairənin 29 məntəqəsindən 11-də ciddi pozuntular baş verib: “Həmin məntəqələrdə bir nəfər bir neçə dəfə səs verib. Bütün bunlar videoya çəkilib".

MSK üzvü Baxşeyiş Əsgərov deyib ki, T.Abbaslının MSK-ya təqdim etdiyi aktların hamısını bir nəfər tərtib edib.

B.Əsgərov bildirib ki, pozuntunun olması ilə bağlı təqdim olunan videolar da həqiqəti əks etdirmir.

MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində T.Abbaslının iddialarının əsassız olduğu məlum olub. Bildirilib ki, təqdim edilən faktlar mötəbər deyil.

MSK T.Abbaslının şikayətini təmin etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi