Ölkə üzrə seçici fəallığı ən yüksək olan seçki dairəsi 122 saylı Xankəndi seçki dairəsidir.
“Report” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, saat 12:00-a olan nəticələrə görə, həmin seçki dairəsində seçici fəallığı 32.6 faizdir (2182 nəfər).
Bildirilib ki, 54 saylı Mingəçevir seçki dairəsində seçici fəallığı aşağıdır. Bu dairədə seçicilərin cəmi 7.5 faizi (3768 nəfər) səs verib.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.