Yuxarı

MSK bəzi partiyaların səlahiyyətli nümayəndələrinin qeydiyyatını ləğv edib

Yekun protokolların hazırlanması qaydası müzakirəyə çıxarılıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. “Report”un məlumatına görə, əvvəlcə MSK-nın 8 sentyabr iclasının protokolu təsdiq edilib.

İclasda bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası müzakirəyə çıxarılıb. Layihə ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. Sənəd layihəsi səsverməyə çıxarılaraq təsdiq edilib.

Sonra Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.

Azərbaycan Demokratik İslahatlar Partiyasından (DİP) 6 səlahiyyətli nümayəndə qeydə alınıb, partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə alınmış Ülkər Abdullayevanın qeydiyyatı ləğv edilib. Bundan başqa, “Azadlıq-2015” seçki blokundan 11 səlahiyyətli nümayəndə qeydə alınıb. Blokun səlahiyyətli nümayəndəsi Cəmaləddin Ağayevin qeydiyyatı ləğv olunub. Azərbaycan Demokrat Partiyasından isə Nizam Qənbərlinin qeydiyyatı ləğv edilib.

Elan edilib ki, səlahiyyətli nümayəndələrin qeydiyyatı öz xahişləri ilə ləğv olunub.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi