Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun başçılıq etdiyi nümayəndə heyətinin 2024-cü ilin 19-30 avqust tarixlərində Tailand Krallığı, Laos Xalq Demokratik Respublikası, Vyetnam Sosialist Respublikası və Kamboca Krallığına işgüzar səfəri təşkil olunub.
"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun başçılıq etdiyi nümayəndə heyətinin Tailand Krallığı, Laos Xalq Demokratik Respublikası, Vyetnam Sosialist Respublikası və Kamboca Krallığına işgüzar səfəri zamanı müzakirələr aparılıb.
Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, 2024-cü ilin 19-30 avqust tarixlərində davam edəcək səfərdə iştirak edən nümayəndə heyətinin tərkibi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov, eləcə də Agentliyin müvafiq struktur bölmələrinin rəhbər şəxslərindən ibarətdir.
Qeyd edilən ölkələr mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik olan ölkələr sırasındadır.
Agentlik xatırladıb ki, bu il 30-31 may tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə təşkil etdiyi “Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans zamanı Agentlik və BMTİP arasında “Azərbaycan Respublikası ərazisində ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi”nin yaradılmasında əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalanıb.
Qeyd edilib ki, işgüzar səfərin məqsədi yaradılacaq Mərkəzlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, mina problemi ilə üzləşmiş bir sıra xarici dövlətlərdə yerləşən müvafiq mərkəzlər və bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsidir. Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı təlim mərkəzləri və minatəmizləmə əməliyyatlarının icra edildiyi sahələrdəki fəaliyyətlə tanışlıq məqsədilə bölgələrə səfərlər planlaşdırılır.
Səfər həm də Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə həmin ölkələrin və qeyd olunan regional təşkilatın ətraflı məlumatlandırılmasına və bununla da problemə beynəlxalq diqqətin artırılmasına müsbət təsir edəcək.