Yuxarı
    Bağlamaq

    Milli Məclislə Mətbuat Şurası arasında anlaşma memorandumu imzalanıb

    Nizami Cəfərov: Hamı bilməlidir ki, qanun necə həyata keçirilir və nəticəsi nə oldu

    Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün Milli Məclislə Mətbuat Şurası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. “Report” xəbər verir ki, tədbirdə çıxış edən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Azərbaycan xalqının 140 illik mətbuat tarixinin olduğunu xatırladıb. 

    O deyib ki, Prezident İlham Əliyev hər zaman mətbuata xüsusi diqqət və qayğı ilə yanaşıb: “Parlamentin fəaliyyətinin daha geniş şəkildə işıqlandırılması, qanun yaradıcılığının və qəbul olunan qərarlar barədə ictimaiyyətə ətraflı məlumat ötürmək vacib əhəmiyyət kəsb edir. Bu işdə də jurnalistlərin əməyi danılmazdır”.

    Komitə sədri hesab edir ki, Milli Məclislə mətbuat arasındakı münasibətlər hər zaman daha yaxşı olmalıdır: "Açıq deyə bilərəm ki, parlament mətbuatdan narazı deyil. Ancaq hərdən narazılıqlar da olur. Bu da informasiyanın dəqiq çatdırılmamasından, bəzən deyilən fikrin, sözün ictimaiyyətə yanlış verilməsində özünü büruzə verir”. 

    N. Cəfərov bildirib ki, parlament də mətbuat qədər demokratik qurumdur: “Ona görə də demokratik fikir mübadilərlərində bir-birini yaxından anlamaq çox vacib şərtdir. Bundan başqa, deputatlar bəzi vaxtlar giley-güzar edirlər ki, Milli Məclisin gördüyü işlər, qaldırdığı məsələlər, qəbul etdiyi qanunların həyata keçirilməsi kimi məsələlərlə bağlı analitik yazılar azdır. Yəni parlamentin deputatlarının belə yazıları oxuya və onlar üçün bir faydası ola bilər. Hamı bilməlidir ki, qanun necə həyata keçirilir və nəticəsi nə oldu. Bu giley-güzar əsas Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlərə aiddir. Çünki onlar daimi bizimlə birlikdədirlər və parlamentin mətbəxinə bələddirlər. Onların təhlili yazıları və münasibətləri bütövlükdə jurnalistikaya təsir etməlidir”.

    Mətbuat Şurasının sədri Əflatun Amaşov isə vurğulayıb ki, milli mətbuatın bayramı tək medianın deyil, eləcə də bütün Azərbaycan xalqının bayramıdır:  “Əkinçi” qəzeti xalqın inkişafında mühüm rol oynayıb. Çünki o zamana kimi görülməyən bir çox məsələlər gündəmə gətirilib. Bu gün nələrə nail olmuşuqsa, hamısını mətbuata borcluyuq”. 

    O qeyd edib ki, demokratik cəmiyyətdə medianın əhəmiyyətini əsas götürməklə, Milli Məclisdə Mətbuat Şurası arasında sıx əməkdaşlıq gələcək üçün böyük fayda verəcək.

    Memorandumun imzalanmasında əsas məqsəd Milli Məclisin fəaliyyəti barədə ictimaiyyətə geniş məlumat verilməsi və bu sahədə müvafiq maarifləndirmə işlərinin aparılması, parlamentdə qanun və qərarların qəbulu prosesində Mətbuat Şurasının (və ya kütləvi informasiya vasitələrinin) təmsilçilərinin iştirakının təmin edilməsi, Azərbaycanın parlamentarizm ənənələrinin mediada təbliği məqsədi ilə jurnalistlər arasında yaradıcılıq müsabiqələrinin təşkili, Milli Məclisin beynəlxalq fəaliyyətinin işıqlandırılması və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsidir.

    Tədbirdə çıxış edən deputatlar və Mətbuat Şurasının üzvləri də anlaşma memorandumunun imzalanmasını yüksək qiymətləndiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi