Yuxarı

Milli Məclisin sədr müavini: “Azərbaycanın kiminsə ağzına və ya əlinə baxmağa ehtiyacı yoxdur”

Parlamentdə I Avropa Oyunları ərəfəsində Azərbayca qarşı aparılan kampaniyalara həsr olunan dinləmələr keçirilir

Bakı. 13 may. REPORT.AZ/ “Azərbaycan başqa ölkələrdən fərqli olaraq düzgün siyasət yürüdür. Azərbaycanın kiminsə ağzına və ya əlinə baxmağa ehtiyacı yoxdur. Ona görə də bizim ölkə ilə güc dilində danışmağa heç kimin qüvvəsi, cəsarəti çatmır. Bu da kimlərəsə pis təsir edir. Bütün təzyiqlərə baxmayaraq, heç kimə əhəmiyyət və önəm vermədən bu siyasətimizi davam etdiririk”. “Report” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Valeh Ələsgərov parlamentdə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniyalara həsr olunan dinləmələrdə çıxışı zamanı deyib. 

O bildirib ki, Avropa siyasətçilərinin Azərbaycan və ya başqa ölkələrlə əməkdaşlıq etmək üçün yetərli qədər platformaları var: “Hamı bilir ki, bəzi qüvvələr rəsmi şəkildə edə bilmədiklərini qeyri-rəsmi formada, ən alçaq üsullarla həyata keçirirlər. Bu da Azərbaycana olan qərəzli münasibətin göstəricisidir”. 

V.Ələsgərov qeyd edib ki, Azərbaycana qarşı bu qədər kampaniyaların keçirilməsi ölkənin qüdrətli olması və inkişafı ilə bağlıdır. 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev vurğulayıb ki, Azərbaycan kimi gənc və yeni müstəqilliyini qazanan dövlət mötəbər idman tədbirinə ev sahibliyi edirsə, ölkəyə qarşı müəyyən kampaniyaların olması qaçılmazdır: “Burada müxtəlif amillərlə yanaşı, siyasi qısqanclıq da xüsusi rol oynayır. Təsadüfi deyil ki, son aylar Azərbaycan əleyhinə aparılan kampaniyalar daha intensiv xarakter alıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi