Bakı. 5 aprel. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb. "Report"un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 21 məsələnin müzakirəsi daxil edilib.
İclasda son günlər cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bugünkü iclasda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Məruzəni ombudsman Elmira Süleymanova təqdim edəcək.
Daha sonra "Antiinhisar fəaliyyəti haqqında", "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara, eləcə də Cinayət, Torpaq və Mülki, İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Bundan başqa, iclasda "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanunun ləğv edilməsi haqqında qanun layihəsinə dəyişiklik edilməsinə baxılacaq.