Yuxarı

Milli Məclisin IV çağırış üçün sonuncu plenar iclası başlayıb

İclasda Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanun layihəsi də müzakirə olunacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Milli Məclisin IV çağırış üçün sonuncu plenar iclası başlayıb. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi keçirilən iclasın gündəliyinə 34 məsələ daxil edilib.

İclasda ilk olaraq "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunacaq.

Bundan başqa, iclasın gündəliyində Azərbaycanın bir neçə ölkəylə imzaladığı sazişlərin təsdiqi, eləcə də Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetasının müzakirəsi var.

Eyni zamanda, Vergi, Mülki Prosessual, Miqrasiya, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi nəzərdə tutulub.

"Dövlət rüsumu haqqında", "İcra haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "İnformasiya əldə etmək haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi də gündəlikdə yer alan məsələlər sırasındadır.

Milli Məclis Bakı və Gəncə apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi məsələsinə də baxacaq.

Son müzakirə olunması nəzərdə tutulan məsələ isə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsidir. Bu qanun layihəsi parlamentə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub. Layihə 4 maddədən ibarətdir.

Layihədə qeyd edilib yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi