Deputatların etik davranış qaydaları haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB-2

Deputatların etik davranış qaydaları haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB-2 “İlk olaraq deputatın cəmiyyətdə hörmətinin bərpasına nail olunmalıdır”
Daxili siyasət
20 Aprel , 2017 13:52
Deputatların etik davranış qaydaları haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB-2

*** saat 12:47 və saat 13:42

Bakı. 20 aprel. REPORT.AZ/ “Azərbaycan Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, parlament seçkisi zamanı deputata 40 mindən çox seçici səs verir. 

O qeyd edib ki, seçicilər səs verən zaman deputata inanırlar və bu parametrlər üzrə ondan lazımi iş görməsini gözləyirlər. 

B.Muradova deyib ki, bəzi hallarda deputatlar tərəfindən addekvat olmayan davranış sərgilənə bilir: “Təbii ki, bu da qanunla tənzimlənməlidir. Ona görə də yeni hazırlanan qanun layihəsinin əsas məqsədi şəffaflığın və səmərəliliyin artırılmasıdır. Layihə hazırlanarkən Avropa Şurasına və MDB ölkələrinin təcrübələri, eləcə də Azərbaycan reallıqları nəzərə alınıb”.

Deputat Azay Quliyev vurğulayıb ki, belə bir qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac vardı: “Layihədə yer alan müddəalarda qeyri-adi heç nə yoxdur. Konstitusiyaya əsasən, bunu ümumi cəmləşdirib yekun halda təqdim etmək lazım idi. Hakim partiyaların, müstəqil və müxalifət partiyalarının deputatları ilə ayrılıqda görüşüb işçi qrupu da yarada bilərik”.

Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, vaxtı ilə parlamentdə küçə söyüşünün söyülməsi halları olub: “Həmin şəxslər də təbii ki, layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə bir qanun layihəsinin hazırlanması zəruri idi”.

Deputat Fazil Mustafa onlara verilən hədiyyələrlə bağlı layihədə yer alan maddəyə etirazını bildirib. O qeyd edib ki, bir çox hallarda İntizam Komissiyasının rəyi subyektiv və qərəzli ola bilər: “Məsələn, bir sahibkar hansısa çıxışıma görə, mənə qonaqlıq vermək istəyir. O zaman ona deməliyəm ki, bir həftə gözlə, qoy mən İntizam Komissiyasına müraciət edib rəy alım, ondan sonra qonaqlığını ver. Çıxışım sahibkarın xoşuna gəlib qonaqlıq vermək istəyirsə bunun nəyi qəbahətdir və ya qanunsuzdur?!”.

Deputat Rövşən Rzayev bildirib ki, ilk olaraq deputatın cəmiyyətdə hörmətinin bərpasına nail olunmalıdır.

İnsan hüquqları komitəsinin sədri Bahar Muradova isə əlavə edib ki, layihə bütün komitələrin müzakirəsinə verilməlidir: “Yaxşı olardı ki, komitələr layihə ilə bağlı yazılı rəy versin. Bütün komitələr müzakirələrdə fəal iştirak etməlidir”.

Müzakirələrin sonunda yeni qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, parlament tərəfindən hazırlanan yeni qanun layihəsi 13 maddədən ibarətdir.

Qanun qəbul ediləcəyi təqdirdə Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Layihə qəbul olunduqdan sonra bu qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur.

Qanun layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməyə qadağa qoyulması, eləcə də deputatlara həmkarlarının sözünü kəsmək qadağan edilir.

Eyni zamanda, layihəyə əsasən, Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Son xəbərlər

Orphus sistemi