Milli Məclisdə amnistiya aktının müzakirəsi başlayıb

Milli Məclisdə amnistiya aktının müzakirəsi başlayıb İclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva da iştirak edir
Daxili siyasət
20 May , 2016 12:01
Milli Məclisdə amnistiya aktının müzakirəsi başlayıb

Bakı. 20 may. REPORT.AZ/ Milli Məclisin növbəti iclası başlayıb.

"Report"un məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.

İclasda Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı parlamentə təqdim olunan "Amnistiya aktı haqqında" qanun layihəsi müzakirə olunur. 

İclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva da iştirak edir.

Amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər.

Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilməsi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi