Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistləri məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməməyə çağırıb.
“Report”un xəbərinə görə, Məzahir Pənahov seçkilərin başlaması ilə əlaqədar MSK-da keçirdiyi brifinqdə qeyd edib ki, seçki prosesi milyonlarla insanı əhatə etdiyi üçün müəyyən xırda çatışmazlıqlar ola bilər.
“Buradan media subyektlərinə, jurnalistlərə səslənirəm ki, məntəqələrdə qarşılaşdığınız hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər. Əksinə, biz bunu təqdir edəcəyik. Eləcə də, beynəlxalq və yerli müşahidəçilər də yerlərdə fəal olmalıdırlar”, - MSK sədri vurğulayıb.
O vurğulayıb ki, heç kim seçicinin iradəsinə təsir göstərə bilməz:
“Bütün bu proseslərin mərkəzində Azərbaycan seçicisi dayanır. Bizim qurumun da işi seçicinin konstitusion hüququnu təmin etməkdir. Bu baxımdan heç kim seçicinin iradəsinə təsir göstərə, seçki məntəqələrində fəaliyyət göstərən komissiyanın üzvlərinin işinə maneə törədə bilməz. Çünki onlar da seçki prosesinin şəffaf aparılması üçün çalışırlar”.
M.Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələblərini pozan istənilən addım qarşısında ciddi addımlar atılacaq:
"Biz heç vaxt komissiya olaraq qadağalar üzərində danışmırıq. Həmişə çoxluğun fikrinin ortaya qoyulması üçün çalışırıq. Lakin bu çoxluğun ortaya qoyulması da qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmalıdır".