Masallıda vətəndaşların seçki hüququna həsr olunan dəyirmi masa keçirilib

Masallıda vətəndaşların seçki hüququna həsr olunan dəyirmi masa keçirilib Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi maarif
Daxili siyasət
7 Avqust , 2024 16:53
Masallıda vətəndaşların seçki hüququna həsr olunan dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici xarakter daşıyan növbəti dəyirmi masa Masallıda təşkil olunub.

“Report”un Cənub bürosunun məlumatına görə, MSK üzvü Validə Kazımova Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində təmsil etdiyi qurumla Ombudsman Aparatının birgə təşkil etdiyi tədbirlərin bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından vacib rol oynadığını bildirib.

O, həmçinin MSK tərəfindən görülən işlər, eləcə də təşkil edilməsi planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxışında ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, Fəaliyyət Proqramının 3.10-cu bəndinin tələbləri barədə məlumat verib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb.

O, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü və MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirildiyini, bu istiqamətdə artıq Bakı, Gəncə və Şəkidə dəyirmi masaların təşkil olunduğunu, bu gün isə növbəti tədbirin Masallıda keçirildiyini qeyd edib.

A.Səfixanlı, eyni zamanda, ölkədə vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib, müşahidəçilik institutunun əhəmiyyətindən, Müvəkkilin və təsisatın bu prosesdəki rolu barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra MSK Katibliyinin Təşkilat şöbəsinin baş məsləhətçisi Şirzad Məmmədli tədbirdə məruzə ilə çıxış edib, Azərbaycanda seçkilərin yüksək səviyyədə təşkil olunması üzrə həyata keçirilən tədbirlərdən, MSK tərəfindən görülən işlərdən, seçicilərin öz konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirməsi üçün yaradılan imkanlardan danışıb.

Tədbirdə həmçinin mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ombudsman Aparatı ilə MSK-nın növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk birgə maarifləndirmə tədbiri Ombudsman Səbinə Əliyeva, MSK sədri Məzahir Pənahov və dairə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi