Yuxarı
    Bağlamaq

    Oqtay Əsədov: "Manata görə nə ərzaq, nə də digər məhsulların qiyməti qalxmayacaq"

    Milli Məclisdə Azərbaycan milli valyutasının devalvasiyasının dəyişməsi ilə bağlı müzakirələr keçirilib

    Bakı. 24 fevral. REPORT.AZ/ Milli Məclisin (MM) bugünkü plenar iclasında Azərbaycan milli valyutasının devalvasiyası ilə bağlı müzakirələr keçirilib. "Report"un xəbərinə görə, iclasda çıxış edən deputat İqbal Ağazadə xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı (AMB) əvvəlcə manatın dəyərinin sabit qalacağı ilə bağlı məlumat yayıb: "Həmin proqnoz isə cəmi 50 gün sonra AMB tərəfindən pozuldu. Verilən qərarla əhaliyə külli miqdarda zərər vurdu. Bir gün ərzində manatın dəyərinin 34 faiz ucuzlaşdırılmasının məsuliyyəti hansı dövlət qurumunun üzərinə düşür? Ölkədə müəyyən maliyyə çətinliyi ola bilər. Misal olaraq, 21 gün işləyən işçinin maaşı 34 faiz azaldılır, lakin onun itirdiyi pul kompensasiya olunmur. Bu gün əhalinin banklara qoyduğu 7,2 milyardlıq pullara 3 milyard ziyan vurulub. Ona görə də vətəndaşa 34% artıma görə kompensasiya ödənilməlidir".

    Deputat Zahid Oruc isə həmkarının çıxışının əksi olaraq atılan qərarı millətin mənafelərinə uyğun verilən qərar kimi qiymətləndirib: "Maliyyə sabitliyinin saxlanılması üçün bu, mühüm addımdır. Mərkəzi Bankı mühakimə edən insanlar maksimum bir ay ərzində bizim kimi müdafiə edəcəklər. Qeyd edim ki, dövləti qınayanlar nəzərə almalıdırlar ki, valyutanın rezerv hissəsi manatladır. Bu gün manat dünyada ən güclü valyuta olan dollarla rəqabət aparacaq səviyyədədir. Ona görə də qərarı müdafiə edirəm".

    Spiker Oqtay Əsədov da deputat İqbal Ağazadənin çıxışına münasibət bildirib: “Banklarda vətəndaşların 7 milyarddan çox əmanətlərinin batması ilə bağı səsləndirilən fikirlər tamamilə absurddur. Çünki pulların 50 faizi dollarladır. Onu da qeyd edim ki, son bir həftə ərzində banklar 2,5 milyard manatı dollara dəyişdirib. Çox istərdim ki, bu məsələ ilə bağlı müzakirəyə makro-iqtisadi siyasəti bilən insanlar da qatılsın. Azərbaycan müharibə aparan ölkədir. Ölkəmizin valyuta rezervləri var. Mümkün qədər də həmin valyuta rezervləri qorunacaq. Düşünmək lazımdır ki, müharibə şəraitində yaşayan ölkədə hər bir vəziyyət ola bilər. Rezervlərin hamısını məzənnəyə görə itirə bilmərik. Əmin edə bilərəm ki, ajiotaj yaratmağa ehtiyac yoxdur. Çünki Azərbaycanda satılan ərzaqların 70 faizi yerli məhsullardır. Belə olduğu təqdirdə qiymətlər niyə qalxmalıdır? Bu səbəbdən də gələcəkdə nə ərzaq, nə də digər məhsulların qiyməti qalxmayacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi