“Parabüzən” filminə baxanda erməni zülmünü, mühasirədə qalan insanların ağrılarını və əzmini hiss etdik. Bu gün 29 illik vətən həsrətinə son qoyulub, mühasirədə mübarizə aparan insanların torpağı artıq azaddır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisdə Laçın rayonunu təmsil edən deputat Mahir Abbaszadə “Parabüzən” filminin təqdimat mərasimində çıxışı zamanı deyib.
O vurğulayıb ki, bu gün azad Qarabağa, Şərqi Zəngəzura azad şəkildə səfər edə, belə çəkilişlər apara bilirik:
"Əslində bir azərbaycanlı ailəsinin erməni ilə qarşılaşdığı və apardığı mübarizə həm də bütövlükdə Azərbaycan xalqının nə qədər mübariz olduğunu nümayiş etdirmiş oldu. Hesab edirəm ki, belə filmlər çəkildikcə, digər xarici dillərə tərcümə olunduqca bizdən sonra gələn nəsillərin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni quldurlarının mülki azərbaycanlılara etdiyi zülm barədə geniş məlumatları olacaq. Eyni zamanda, bu gün düşmənimizi müdafiə edən qüvvələr bu ekran işinə baxaraq tutduqları əməllərdən utanmalıdırlar ki, erməni cəlladları azərbaycanlılara belə ağır faciələr yaşadıblar”, - deputat bildirib.
M.Abbaszadə söyləyib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və sərkərdəliyi, Azərbaycan Ordusunun gücü, şəhidlərin qanı, qazilərin canı hesabına və Azərbaycan xalqının mübarizəsi ilə torpaqlarımız işğaldan azad olunub:
“Filmdə izlədiyimiz bəzi şəxslər artıq dünyadan köçüb. Rəhmətə gedənlərin artıq ruhu şaddır ki, uğrunda mübarizə apardıqları torpaqlar düşmən tapdağından təmizlənib, bu gün azaddır və azərbaycanlılar, o cümlədən mühasirədə qalanların övladları dinc şəkildə gedib o yerləri ziyarət edirlər. Bizim ən böyük qələbəmiz bundan ibarətdir. Kəlbəcər və Laçını yaxşı tanıyan, orada doğulub böyüyən biri olaraq deyə bilərəm ki, bu gün həmin ərazilərdə çəkiliş aparmaq, heç bir şərait olmadan gecələmək olduqca çətindir və fədakarlıq tələb edir. Fədakarlıqdan savayı, gərək Vətənə sevgi də ola. Hesab edirəm ki, “Parabüzən” filminin çəkilməsinə səbəb də Vətən sevgisidir”.
Qeyd edək ki, 1993-cü il martın 31-dən mayın 23-dək erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı çəkilən “Parabüzən” sənədli filminin təqdimatı olub. Kadrlar 19 nəfərin mühasirəyə düşdüyü yer - Kəlbəcərin Çaykənd kəndi, mühasirədə qaldıqları ərazi - Laçının Oğuldərə kəndi və mühasirəni yardıqları yer - Laçının Güləbird kəndində lentə alınıb. Filmdə mühasirəyə düşənlərin 54 gün ərzində düşməndən necə gizlənməsi, mühasirədən hansı yolla çıxmasından bəhs olunur.