Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 23-də Laçın rayonu Zabux kəndinə yola düşən növbəti köç karvanı ünvanına çatıb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Zabux kəndinə daha 25 ailə və ya 93 sakin qayıdıb. Kənddə böyük coşqu ilə qarşılanan keçmiş məcburi köçkünlər illərdir həsrətini çəkdikləri Zabuxun gözəl mənzərəsini seyr ediblər.
Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bugünkü köç karvanı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Zabuxa qədəm qoyan ailələr qarşılandıqdan sonra keçirilən açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alaraq yeni evlərində məskunlaşıblar. Zabux kənd sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə lazımi şərait yaradılıb.
Bununla da Zabux kəndində 121 ailənin, yəni 475 nəfərin daimi məskunlaşması təmin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
“Report” xəbər verir ki, bu gün rayonun Zabux kəndinə daha 25 ailənin - 93 nəfərin köçü başlayıb.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində Zabux sakinləri kəndə yola salınıb.
Qeyd edək ki, noyabrın 20-də Zabuxa daha 25 ailə - 91 nəfər köçürülüb. Elə həmin gün kəndə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 121 ailə (475 nəfər) köçürülüb.