“Əbədi olaraq doğma yurdumuza, evimizə qayıdırıq”.
“Report” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Laçından olan keçmiş məcburi köçkün Murad Vəliyev deyib.
“Bizim torpaqlarımızı əsgərlərimiz, zabitlərimiz işğaldan xilas etdi. Allah Ordumuzu qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz onların sayəsində torpaqlarımıza qayıdırıq”, - M.Vəliyev deyib
Qeyd edək ki, bu gün Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınıb. Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksindən yola salınıblar.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.
Qeyd edək ki, indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.