Səhər saat 08:00 radələrindən etibarən ölkənin hər yerində olduğu kimi, 62 saylı Kürdəmir Dairə Seçki komissiyasının əhatə etdiyi 52 məntəqədə növbədənkənar parlament seçkilərinə start verilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, artıq səhər saatlarından çəkiliş apardığımız 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasının 1 saylı seçki məntəqəsində seçicilərin fəallığı müşahidə olunur.
Məntəqənin sədri Vüqar Nəsirovun sözlərinə görə, gün ərzində məntəqədə 1462 nəfərin səs verməsi nəzərdə tutulur ki, onlardan 815 nəfəri kişi 647 nəfəri isə qadındır. Məntəqədə ilk dəfə səs verən seçicilərin sayı 12 nəfər, yaşı 80-dən yuxarı olan seçicilərin sayı isə 3 nəfərdir.
Məntəqə bütün texniki avadanlıqlarla təmin olunub, müşahidə kameraları quraşdırılıb. Məntəqə sədrinin sözlərinə görə, seçki başlayan andan hər hansı bir qayda pozuntusu qeydə alınmayıb: "Ümid edirik ki, bu tendensiya günün sonuna qədər davam edəcək".
Qeyd edək ki, 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasında gün ərzində 52 məntəqə üzrə 53257 nəfərin səs verməsi nəzərdə tutulur ki, bunlardan 530 nəfəri ilk dəfə səs verəcək seçicilərdir.
Rayonda ən yaşlı seçicinin 101 yaşı var ki, bu 30 saylı Qarasu seçki məntəqəsində qeydiyyatda olan Eyyubova Laləzar Məhəmməd qızıdır.