Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ölkənin siyasi sisteminin sabitliyini bir daha nümayiş etdirdi.
"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında rusiyalı müşahidəçi, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
“Dünən Bakı və onun ətraf rayonlarında 15-ə yaxın seçki məntəqəsində olduq və rusiyalı müşahidəçiləri qrupu olaraq seçki prosesinin dəqiq təşkilini, seçki komissiyası üzvlərinin yüksək hazırlıq səviyyəsini, dürüst, ədalətli, legitim olan və dünyada mövcud seçki texnologiyaları normalarının bütün meyarlarına cavab verən səsvermə prosesinin qüsursuz təşkilini qeyd edə bilərik”, - o bildirib.
İ.Korotçenko vurğulayıb ki, bu baxımdan Azərbaycan öz siyasi sisteminin mükəmməlliyini və sabitliyini bir daha nümayiş etdirib.
“Bir çox dövlətlərin sarsıldığı indiki təlatümlü dünyada Azərbaycan sabitlik, firavanlıq və irəliyə doğru inamlı hərəkət adasıdır. Bunu bir daha təkrar edirəm, mövcud çağırışlara cavab verən və Prezidentin rəhbərliyi altında xalqın irəliyə doğru addımlamasının əsasını Azərbaycanın siyasi sistemi təşkil edir”, - ekspert bildirib.