Yuxarı
    Bağlamaq

    Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin təqdim etdiyi Referendum Aktı layihəsinə rəy verib - YENİLƏNİB-2

    Plenumun xüsusi iclası başa çatıb

    *** 09:48, *** 10:11

    Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilib.

    “Report”un xəbərinə görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Prezident İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə daxil olan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılıb.

    F.Abdullayev iclasda 8 hakimin iştirak etdiyini bildirib. Sonra hakimlər Kamran Şəfiyev və Rəfael Valadze çıxış ediblər, dəyişiklik layihəsi ilə bağlı fikirlərini bildiriblər.

    İclasda çıxış edən Azərbaycan Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev təklif edilən dəyişiklik layihəsi ilə bağlı məlumat verib. O xatırladıb ki, 2009-cu ildə keçirilən Referendum seçkilərindən 7 il keçib: “Bu müddət ərzində Azərbaycan xeyli inkişaf edib. Ona görə təklif edilən dəyişikliklər labüddür”.

    Sonra hakimlər müşavirəyə gedib. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Prezident İlham Əliyevin təqdim etdiyi "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində göstərilən təkliflər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmadığından ümumxalq səsverməsinə - Referenduma çıxarıla bilər.

    Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi