"1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb";
"Report"un xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.
Onun sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb: "Ulu pndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb".
Komitə sədri vurğulayıb ki, ötən 25 il ərzində Azərbaycanda gənclər sahəsində dövlət siyasəti kompleks şəkildə hazırlanıb və həyata keçirilib: "Aparılmış həmin siyasət nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb. Ümummilli lider Heydər Əliyev gəncləri ölkənin həm bu günü, həm də sabahı hesab edirdi. Təməli Ulu Öndər tərəfindən qoyulmuş bu siyasətin sayəsində gənclərimiz bu gün aparıcı qüvvəyə çevrildilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi gənclər idi. Vətən müharibəsindəki Qələbə həm də gənclərlə bağlı 25 illik dövrün məntiqi yekunu idi. Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı və vətənpərvərlik hissi əməldə sübut olundu. Ancaq Qələbəmizdə gənclərlə bağlı dövlət siyasətinin rolu təkcə fiziki və mənəvi hazırlıq və vətənpərvərlik işi ilə məhdudlaşmır. Əlbəttə ki, Şuşanın işğaldan azad edilməsi onların vətənpərvərliyinin, yüksək mənəvi və fiziki hazırlığının parlaq nümayişi oldu. Həmçinin burada 21-ci əsrin müharibəsi kimi yüksək texnologiyalar və süni intellektə əsaslanan döyüş vasitələri mühüm rol oynamışıdır. Həmin texnologiya və döyüş vasitələrinin düzgün idarə edilməsi yüksək peşəkarlıq və təhsil tələb edir. Digər tərəfdən isə yüksək təhsilli gənc nəslin yetişməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ müharibəsi ilə bağlı mövqeyimizin dünyaya çatdırılması, habelə ölkəmizin beynəlxalq səviyyədə yumşaq gücünün formalaşması üçün zəruridir. Bu isə gənclərimizin yüksək intellektual və təhsil səviyyəsinə dəlalət edir".
A.Əliyev deyib ki, təhsil siyasətinin əsas hədəflərindən biri gənc nəsillərin savadlı və vətənpərvər ruhda yetişməsidir: "Azərbaycan müasir, qlobal aləmə yaxşı inteqrasiya etdiyi üçün təhsilin beynəlmiləlləşdirilməsi konsepsiyasının həyata keçirilməsi istiqamətində əhəmiyyətli iş görülür. Başqa sözlə desək, Azərbaycan gənclərinin dünyanın qabaqcıl ali məktəblərində təhsil alması və eyni zamanda, Azərbaycanda təhsilin keyfiyyətinin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün dövlət tərəfindən maliyyələşdirilən müxtəlif layihələr həyata keçirilir. Bu isə Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi kimi xarakterizə etdiyi proses çərçivəsində baş verir. Təsadüfi deyildir ki, belə layihələrin maliyyələşdirilməsində Azərbaycan Respublikası Dövlət Neft Fondu aparıcı rol oynayır. Fond tərəfindən maliyyələşdirilən layihələrə misal olaraq Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması və xaricdə təhsil üzrə dövlət proqramlarını qeyd etmək olar. Gənclərin ali təhsilində orta məktəblər baza rolu oynayır. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi xüsusi əhəmiyyətə malikdir. Layihə çərçivəsində ölkə miqyasında çoxsaylı yeni məktəblər inşa edilərək və ya əsaslı şəkildə bərpa edilərək məktəblilərin istifadəsinə verilib və bu iş hazırda da davam etdirilir. Bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksinin açılışı keçirilib. Kompleksdə müasir standartlara uyğun surətdə təchiz edilmiş 1400 yerlik orta məktəb və 192 yerlik körpələr evi–uşaq bağçası inşa edilib".
Milli Məclis sədrinin müavini bildirib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır: "Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Prezident İlham Əliyevin gənclərə dəstək, diqqət və qayğısının nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb".