Azərbaycan sərhədini pozduğuna görə saxlanılan erməni diversant Qaqik Aşotoviç Voskanyanın məhkəməsi təxirə düşüb.
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclası təxirə salınıb.
Hakimin qərarı ilə məhkəmə prosesi dekabrın 4-ü saat 10:00-da Bakı şəhəri Sabunçu rayon Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, iş üzrə 5 nəfər zərərçəkən var. Bunlar Hüseyinzadə Elvin Malik oğlu, Məmmədov İsrafil Vidadi oğlu, Daşdəmirov Xəyal Qafqaz oğlu, Kərimov Əli Raif oğlu və İsmayılov Tofiq Valeh oğludur.
Xatırladaq ki, Q.Voskanyan bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.