Jurnalist Məğrur Əli: 27 sentyabr səhəri "Atəş" əmrini bayram xəbəri kimi qarşılamışdıq - müsahibə

Müsahibə
  • 01 oktyabr, 2026
  • 12:32
Jurnalist Məğrur Əli: 27 sentyabr səhəri Atəş əmrini bayram xəbəri kimi qarşılamışdıq - müsahibə

Vətən müharibəsi dedikdə həm də böyüklü-kiçikli, vəzifəli-vəzifəsiz hamının bir olduğu, yumruq kimi birləşdiyi günlər düşür yada. O günlər hamının vəzifəsi bir idi, hamı özünü eyni ölçüdə məsuliyyətli sayırdı. O vəzifənin, məsuliyyətin adı isə Qarabağ idi.

Müsahibim də məhz o günlərin qəhrəmanlarından biridir. Jurnalist olmasına baxmayaraq özünü Qarabağ adlı məsuliyyət üçün cəbhəyə daşıyan adamlardan biri...

"Report" Vətən müharibəsi iştirakçısı jurnalist Məğrur Əli Poladla müsahibəni təqdim edir.

– Artıq altı ildir ki, Qarabağı işğaldan azad etmişik və siz də bu döyüşlərin iştirakçısı olmusunuz. Bu altı ildə Qarabağda bir çox işlər görülüb, istər köç prosesi olsun, istər bərpa-quruculuq, istər digər. Ümumiyyətlə, Vətən müharibəsi iştirakçısı kimi Qarabağa qayıdışımızı, bərpa prosesini izləmək necə bir hissdir?

– Çox gözəl hissdir. Vətən müharibəsindən əvvəl hər bir azərbaycanlının ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Bu arzu Qarabağ sakinləri üçün isə bir başqa idi, mən özüm də məcburi köçkün olmuşam, yəni bizim üçün bu məsələ ikiqat əhəmiyyət daşıyırdı. İllərlə yuxularımızda gördüyümüz, arzusunda olduğumuz şey idi ki, Qarabağın qaytarılması üçün nələrsə edə bilək, bir sözlə, istəyirdik, gözləyirdik ki, Ali Baş Komandan atəş əmrini versin.

Jurnalist Məğrur Əli: 27 sentyabr səhəri "Atəş" əmrini bayram xəbəri kimi qarşılamışdıq - müsahibə

Müharibənin ilk günlərindən də həmin bu coşğu hiss olunurdu, hərbçilər arasında torpaqlarımızı nəyin bahasına olursa-olsun azad etmək hissi özünü göstərirdi. Belə bir ifadə var ki, dağın möhtəşəmliyini görmək istəyirsənsə, ondan uzaqlaşmaq lazımdır. Yəni bu əzəməti yaxından o qədər də görmək olmur. Eləcə də Vətən müharibəsində qazandığımız qələbənin nə qədər böyük, əzəmətli və tarixi əhəmiyyətə malik olduğunu illər keçdikdə daha yaxşı anlayırıq və anlayacağıq.

Qeyd etdiyiniz kimi, artıq Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri görülür, inşalar doğma yurd-yuvalarına geri qayıdır. İnsanların qayıdışı həm də Qarabağa həyatın qayıtması deməkdir. Dövlətimizin dəstəyi, insanların özlərinin qurub-yaratmaq eşqi Qarabağı hər gün dirçəldir və Qarabağ layiq olduğu kimi inkişaf edir, düşünürəm ki, zaman keçdikcə bu inkişafı daha geniş şəkildə görəcək, qürurulanacağıq.

– Məğrur bəy, döyüş yolunuzdan danışaq. Sizin üçün Vətən müharibəsi haradan başladı, hara kimi davam elədi...

– İkinci Qarabağ müharibəsi, hesab edirəm ki, əslində, 2020-ci ilin İyul döyüşləri ilə başlamışdı. Milli qəhrəman general-mayor Polad Həşimovla bir yerdə qulluq etmişik. Onun və silahdaşlarının şəhid olmasından sonra artıq Azərbaycan xalqının reaksiyası məlum idi, bir sözlə, səbir kasamız daşmışdı, bıçaq sümüyə dirənmişdi. Sentyabrın 21-də ehtiyatda olan bir qrup hərbçilərin təlim məqsədilə ordu sıralarına çağırılması başlamışdı. Mən də onlardan biri idim, amma içimizdə bir hiss var idi ki, bu dəfə başqa olacaq.

Sentyabrın 27-də ön xəttə yerləşən artilleriya bölməsinin zabiti kimi mən də mövqemi tutdum. Səhər saat 7-də isə atəş əmri verildi. Beləcə, Vətən müharibəsinə başladıq. Mən və silahdaşlarım Füzuli rayonunun Alxanlı kəndi istiqamətində mövqe tutmuşduq. Ardınca Cəbrayıl, Hadrut, Tuğ, Qubadlı, Şuşa... bu istiqamətlərdə döyüş yolum davam elədi.

– Deyirsiniz ki, atəş əmrini gözləyirdik. Artilleriyaçı kimi həmin əmr sizə veriləndə nə hiss keçirirdiniz? Nəzərə alsaq ki, özünüz də qarabağlısınız.

– Əslində, elə bir hissdir ki... mən bu barədə bir neçə dəfə sosial şəbəkə hesabımda da yazmışdım. Müharibə həyatını, oradakı vəziyyəti, situasiyanı, keçirdiyimiz hissləri ifadə eləmək çətindir, dünyanın ən yaxşı qələm sahibi olsan da, yenə mümkün deyil.

Atəş əmrini biz bayram xəbəri kimi qarşıladıq, sadəcə, bunu deyə bilərəm. Elə bil bizə illərlə gözlədiyimiz nəsə bir şad xəbər verilmişdi. Bizimlə çiyin-çiyinə döyüşən gənc nəsil də eyni istəklə döyüşə atılmışdı. Yəni heç kəsin gözündə qorxu, yaralanmaq, ölmək qorxusu yox idi. Bizə lazım olan əmr idi, həmin əmr verilmişdi, bundan sonrası isə məhz bizim işimiz idi.

– Şəxsən mən özümdən götürürəm, mənim üçün Qarabağ müharibəsi başlayıb fikri Cəbrayılın azad olunması xəbərindən sonra təsdiqləndi. Çünki buna qədər istər Aprel döyüşləri, istər İyul döyüşləri, yəni müxtəlif miqyaslı toqquşmalar olmuşdu, müəyyən ərazilərimizi azad etmişdik və sair. Bəs sizdə, yəni cəbhədə necə?

– Siz arxa cəbhə insanın fikirlərini deyirsiniz, amma cəbhədə vəziyyət başqadır. Sən hərbçisənsə, əmrə tabesən, konkret vəzifələrin var. Bu mənada, biz sizin kimi düşünə bilməzdik, bizim üçün əmr gəlmişdi və işimizi, vəzifəmizi yerinə yetirirdik. Amma eyni zamanda, doğrudan da, içimizdə bir hiss var idi ki, budəfəki vəziyyətin miqyası çox böyükdür, ən əsası isə istəyimiz məlum idi: Qarabağı düşmən tapdağından tam azad etməli idik. Hətta bəzən müvəqqəti atəşkəs rejimi tətbiq olunurdu, inanın, hərbçilər arasında daxili bir etiraz baş qaldırırdı. Dayanmaq istəmirdik, bu işi, bu vəzifəni sona çatdırmaq istəyirdik.

– Aydındır. Siz əslən Füzulidənsiniz. O istiqamətdə döyüşlərdə də iştirak etmisiniz. Sırf döyüş situasiyasında doğulub boya-başa çatdığınız kəndinizdə oldunuz, ya oradan keçdinizmi?

– Bəli, mən Füzulinin Yuxarı Seyidəhmədli kəndində doğulmuşam, orada böyümüşəm. Kəndimiz 1993-cü ildə işğal olunub. Kəndimiz işğal olunsa da, oranın sevgisi, oranın xəyalı ilə yaşamışıq, ora qayıtmaq üçün gözləmişik. Elə oldu ki, bəli, mən öz kəndimiz istiqamətində döyüşlərdə iştirak elədim. Böyük xoşbəxtlikdir ki, kəndimizin işğaldan azad olunmasında da əməyim var. Sonralar hətta hərbi yerdəyişmə zamanı doğma kəndimizin içərisindən də keçdik. Düzdür, vaxt çox deyildi, amma oradan keçmək belə təzədən həmin illəri xatırlamağıma bəs elədi. Evimiz, kənd qəbiristanlığı, məktəbimiz... hamısı yerlə-bir edilmişdi, erməni vəhşiliyi qəbirləri belə alt-üst eləmişdi.

– Məğrur bəy, döyüşlərdə yaralanmısınız. Ümumiyyətlə, müharibənin içərisində olmaq ölümlə rəqs kimi bir şeydir, yaralanmağa isə artıq ölümə toxunmaq demək olar. Yaralanmağınız necə oldu, bir az da bundan danışaq.

– Müharibə, ümumiyyətlə, məncə, ən ağır həyat hadisəsidir. Çünki müharibədə gedişat bir xətli olur, alternativ olmur. Döyüş anında şəxsi təhlükəsizliyin qeydinə qalmaq isə başqa bir şeydir. Mən həm də jurnalistəm deyə istər-istəməz müşahidəçilik qabiliyyətim də var. Çox qəribədir ki, döyüş anında kollektiv bir şüur formalaşır. Bu şüur ondan ibarətdir ki, heç kəs fərdi təhlükəsizliyini düşünmür, sağ qalması barədə fikirləşmir, bir sözlə, ölüm adiləşir. Adam var, adi həyatda qan görsə, ürəyi gedir, amma müharibə o adamı elə bir hala salır ki, onun üçün hər şey adiləşir. Görünür, bu həm də məqsəddən doğan məsələlərdir. Biz orada niyə vardıq? Qarabağ üçün. Ona görə digər məsələlər bizim üçün əhəmiyyət daşımırdı.

Yaralanmağıma gəlincə, ümumiyyətlə, istər mən olum, istər digər hərbçi yoldaşlarım, adətən, o qədər də ciddi, ağır olmayan yaraları dilə gətirmirdik. Yəni ayaq üstə dura biliriksə, yıxılmırıqsa, döyüşə biliriksə, özümüzə yaralı demirdik. Məndə qəlpə yarası deyildi, yanımda mərmi partlamışdı, kontuziya almışdım. Eyni zamanda dizimdən yaralanmışdım. Partlayışdan bir neçə saat sonra ayıldım, qulağımdan qan açılmışdı. Baxdım ki, o qədər də ciddi məsələ deyil, ona görə də üstünü vurmadım və döyüşə davam elədim. Sonralar yavaş-yavaş gördüm ki, müəyyən problemlər var. Atəşkəs imzalanandan sonra həkimə müraciət elədim, hərbi hospitala göndərdilər.

Ümumiyyətlə, müharibə situasiyası elədir ki, orada hər şey görürsən. Zaman-zaman eşitmişik, oxumuşuq ki, insanların cəsarətinin fiziki görünüşü ilə o qədər də əlaqəsi olmur. Mən müharibənin gedişində bunu şəxsən müşahidə elədim. Bəzən fiziki cəhətdən zəif əsgərdən elə cəsarət görürdün, adam məəttəl qalırdı ki, belə bir bədəndə bu boyda ürək necə ola bilər?

Bizim bir əsgər yoldaşımız vardı, hərbi texnikanı idarə edirdi. Müharibənin ilk günlərində şəxsi heyəti ön xəttə apardı, – bu illər ərzində neytral əraziyə çoxlu minalar döşənmişdi, əvvəllər o istiqamətdə bir cığır açılmışdı, gediş-gəliş oradan aparılırdı, – qayıdanda həmin hərbi maşın ermənilər tərəfdən atəşə tutuldu, ona görə maşın məcburi olaraq yoldan, həmin cığırdan çıxdı. Çıxan kimi də minaya düşdü, maşın hərəkətdə ola-ola ardıcıl üç dəfə minaya düşdü. Biz düşündük ki, oradan sağ adam çıxmaz. Bir az keçmişdi, gördük ki, maşının lyuku açıldı, odun-alovun içindən çıxan adam qaçaraq bizə tərəf gəlməyə başladı. Onda hələ isti-isti idi deyə, yaralarını, ağrılarını hiss eləmirdi, təbii. Sonra iki həftəlik komaya düşdü, amma Allaha şükür, ayıldı.

Bir dəfə isə hərbçi yoldaşımızın daxil olduğumuz erməni səngərində yanına qumbara atmışdılar. O da tez üzünü tutub ki, qumbara partlasa belə üzü yararsız hala düşməsin, meyiti tanınsın. Amma xoşbəxtlikdən qumbara partlamamışdı. Yəni belə qəribə hadisələr çox olur.

– Ən çox kimi xatırlayırdınız, kimi görmək istəyirdiniz? Yəni sizə düşüncənizdə güc verən kimlər idi?

– Əlbəttə ki, birinci növbədə, ailəmi, övladlarımı xatırlayırdım, onları görmək istəyirdim. Atam rəhmətə getmişdi, anam sağ idi, anamı, qardaşlarımı görmək istəyirdim. Dostlarımla imkan olduqca əlaqə saxlayırdıq. Nə zaman danışsaq, rayonumuzu, kəndimizi, qonşu kəndləri soruşurdular məndən.

Bizim bir sürücümüz var idi, 90-cı illər hadisəsindən sonra doğulmuşdu. Yəni Qarabağı görməyən nəsil... Hadrut, Tuğ istiqamətinə gəlib çatanda təəccüblə deyirdi ki, komandir, buralar nə gözəldir, o dağa bax, o ağaca, o meşəyə... Əvvəl mənə qəribə gəlirdi, amma yavaş-yavaş başa düşdüm ki, bu gənc nəsil Qarabağı görməyib axı, indi gördükcə o gözəlliyə heyranlıqları başadüşüləndir.

– Azad olunduqdan sonra kəndinizə gedib evinizi tapdınızmı?

– Bəli, əlbəttə. Dəfələrlə getmişik, mən də, qardaşlarım da. Həm öz evimizi tapdıq, məktəbimizdə, kənd qəbiristanlığında olduq. Hamısı dağıdılmışdı. Amma icazə verilən qədər gəzə bildik, çünki bizim kənd keçmiş cəbhə xətti ilə üst-üstə düşür, ətraf tamamilə mina ilə çirkləndirilib.

– Müharibə ilə bağlı sosial şəbəkədə ara-sıra kiçik qeydlər edirdiniz. Nə əcəb daha böyük formada yazmırsınız?

– Adama mane olan qəribə bir hiss var ki, bilmirsən, hər şeyi ifadə edə biləcəksənmi... Ona görə tərəddüdlü qalırsan, odur ki, indilik düşünmürəm bu barədə... Bəlkə, sonralar, nə bilim... Amma cəbhədə ikən cızma-qaralar edirdim, şeir də yazırdım hətta.

Elə bunu deyib telefonunu çıxarır və müharibənin ən qaynar nöqtəsində ağlına gəldiyi və səhəri gün həyat yoldaşı ilə telefon danışığında ona diqtə etdiyi şeiri bizim üçün səsləndirir.

...Gedirik ancaq irəli

Ata yurdum qucaq açıb

Türkün səsi vahiməli

Alçaq düşmən qorxub qaçıb

Sarsılmazdır iradəmiz

Neylər güllə, mərmi bizə

Yox sayımız, hesabımız

Hər birimiz təndir yüzə...