Səyyar "ASAN xidmət" avtobusu oktyabrın 16-dan İsmayıllı şəhərində vətəndaşlara xidmət göstərir.
Bu barədə "Report"a "ASAN xidmət"dən məlumat verilib.
Bildirilib ki, bu, İsmayıllı rayonunda avtobus vasitəsilə gerçəkləşdirilən 17-ci səyyar xidmətdir. Bu dövr ərzində isə mərkəzə 61 min 463 vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Xatırladaq ki, 2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyondan çox, 2024-cü il ərzində isə 136 min 931 vətəndaş müraciəti daxil olub. Hazırda İsmayıllı rayonunda fəaliyyət göstərən Səyyar ASAN avtobusunun növbəti dayanacağı Ağdaş rayonu olacaq.