Yuxarı

​Vurğun Əyyub: "Müsavat Partiyasının hazırkı rəhbərliyi İsa Qəmbərin xəbəri olmadan bu cür ciddi qərarı verə bilməzdi"

Hansı qərara tabe olmadığım bəlli deyil

Bakı. 4 may. REPORT.AZ/ "Müsavat Partiyasından xaric edilmə barədə qərar qəbul etməklə məndən qisas almaq istəyiblər, mənə qarşı olan qəzəblərini ifadə ediblər".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının I müavini Vurğun Əyyub deyib.

O, Müsavat Partiyasından xaric edilmə qərarında göstərilən arqumentlərlə razılaşmadığını vurğulayıb: "Bu qərar gözlənilməz deyildi. Azərbaycan siyasi mühitində, mətbuatda bu qərarı gözləyirdilər. Müsavat rəhbərliyi bu qərarı vermək üçün xeyli hazırlaşmışdı. Məni iclaslara qatılmadığıma, üzvlük haqqını vermədiyimə, qərarlara tabe olmadığıma görə xaric ediblər. Hansı qərara tabe olmadığım bəlli deyil. İclaslarda iştirak etməmək məsələsinə gəlincə deyə bilərəm ki, sonuncu iclasa səhhətimdə yaranmış problemlə əlaqədar qatıla bilmədim. Üzvlük haqqını ödəməməyimlə bağlı deyilənlər isə gülüncdür. Bunu deyənlər həyatları boyu mənim Müsavat Partiyası yolunda xərclədiyim qədər üzvlük haqqı verə bilməzlər. Bir partiyada ki, üzvlük haqlarının toplanmasında, xərclənməsində hesabatlılıq və şəffaflıq yoxdursa, o zaman üzvlük haqqı ödəmək niyyətim ola bilməz. Mən indiki partiya rəhbərliyini, strukturlarını qeyri-legitim hesab edirəm".

V.Əyyub vurğulayıb ki, Müsavat Partiyasının hazırkı rəhbərliyi İsa Qəmbərin xəbəri olmadan bu cür ciddi qərarı verə bilməz.

Xatırladaq ki, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin sonuncu toplantısında Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edilib. Qərarın qəbulu zamanı V.Əyyubun iclaslara qatılmaması və üzvlük haqqını ödəməməsi əsas göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi