"44 günlük Vətən müharibəsində Azərbaycan öz tarixinin ən parlaq qələbəsini qazandı. Ərazilərini düşmən tapdağından azad etməklə bölgədə yeni reallıqlar yaratdı".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
Onun sözlərinə görə, bəzi dairələr Azərbaycanın qələbəsini qəbul edə bilmir, gülünc iddialar səsləndirərək qarayaxma kampaniyaları aparır: "Son zamanlar İran tərəfdən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir. Ancaq hər dəfə gülünc vəziyyətə düşərək şapalaq almağa davam edir. Bu yaxınlarda Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfər etdi və orada bir sıra vacib məqamlara toxundu. Qeyd etdi ki, Azərbaycan ərazisində hər hansı bir üçüncü dövlətin, xüsusən də İranın nəzərdə tutduğu İsrailin qüvvələri yerləşdirilməyib. Əgər belə bir hal varsa, İran bununla bağlı öz sübutunu ortaya qoysun. Ancaq belə bir fakt olmadığından İran özünü gülünc vəziyyətə salır".
C.Osmanov İran XİN başçısının Azərbaycan haqda səsləndirdiyi əsassız iddialara da münasibət bildirib: "İran xarici işlər naziri Moskvada hava limanına enər-enməz Azəraycanla bağlı şikayətlər səsləndirdi. Bununla da o, diplomatik etik qaydaları bilmədiyini göstərdi və bir ölkəyə düşər-düşməz başqa ölkədən şikayət etməklə özünü gülünc vəziyyətə saldı. Onu da qeyd edim ki, Moskvada keçirilən mətbuat konfransında İranın Azərbaycana qarşı əsassız iddialar səsləndirilməsi, iranlı jurnalistin Azərbaycan-Türkiyə-Pakistan birgə təlimlərinin keçirilməsi ilə bağlı sualına isə Rusiya XİN rəhbəri Sergey Lavrov sərt cavablar verdi. Lavrov burada İrana Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərin narahatlıq doğurduğunu dilə gətirdi. Rəsmi Moskvanın mövqeyi İrana bir daha göstərdi ki, bölgədə əsassız ittihamlarla çıxış etməklə digər ölkələri ayağa qaldırmaq mümkün olmayacaq".
"Onu da qeyd edim ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı çıxışında qardaş Türkiyə və dost Rusiyanın bölgədə uzunmüddətli sülhə töhfə verəcəyini bildirərək hər iki ölkə haqda yüksək fikirlər söyləmişdi. Yaxşı olar ki, İran qərəzli mövqeyindən əl çəkib, yeni reallıqlara uyğun olaraq öz siyasətini həyata keçirməyə başlasın. İran Azərbaycanın daxili işlərinə qarışmaqdansa, öz problemlərini həll etməyə çalışsın. Çünki Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən ölkədir. Bunu hər kəs dərk etsin ki,hər hansı bir dövlət Azərbaycanın daxili işlərinə qarışa bilməz, əks halda isə Azərbaycan bunun qarşısını almağa qadirdir", - o vurğulayıb.