Prezidentin azad olunmuş ərazilərə səfərləri quruculuq prosesinin dövlət siyasətinin mərkəzində dayandığının təsdiqidir - RƏY
- 15 yanvar, 2026
- 16:26
Prezident İlham Əliyevin son dövrlərdə işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri, dövlət başçısının bu bölgələrə xüsusi diqqət ayırması bərpa və quruculuq proseslərinin strateji plan əsasında həyata keçirildiyini göstərir.
Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
O qeyd edib ki, bu səfərlər eyni zamanda dövlətin azad edilmiş torpaqlara münasibətdə məsuliyyətli və uzunmüddətli yanaşmasının siyasi ifadəsidir:
"İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri ilk növbədə infrastrukturun yenidən qurulmasını hədəfləyir. Yol, enerji, su və kommunikasiya layihələri bu ərazilərin iqtisadi və sosial həyata qaytarılmasının əsas sütunlarını təşkil edir. Prezidentin hər səfər zamanı konkret obyektlərlə tanış olması, layihələrin icra vəziyyətini yerində qiymətləndirməsi prosesin şəffaf və nəzarət altında aparıldığını nümayiş etdirir".
Ü.Zülfiqar vurğulayıb ki, bərpa proseslərində "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi Azərbaycanın gələcəyə hesablanmış yanaşmasının göstəricisidir:
"Azad olunmuş ərazilər müasir texnologiyalar əsasında yenidən qurulur. Bu yanaşma regionun uzunmüddətli dayanıqlı inkişafını təmin etməklə yanaşı, ölkənin ümumi inkişaf modelinə də yeni impuls verir".
Onun fikrincə, Prezident İlham Əliyevin səfərləri həm də Böyük Qayıdış prosesinin real mərhələyə keçdiyini təsdiqləyir:
"Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı konkret layihələr və infrastruktur üzərində qurulan dövlət siyasətidir. Yaşayış evlərinin, sosial obyektlərin, məktəb və xəstəxanaların tikintisi bu prosesin sosial əsaslarını möhkəmləndirir.
Dövlət başçısının bölgələrdə həyata keçirilən işləri birbaşa idarə etməsi və ictimaiyyətə açıq şəkildə təqdim etməsi həm də beynəlxalq auditoriyada maraqla qarşılanır: Azərbaycan bu torpaqların sahibi olaraq bölgəyə və dünyaya sabitlik, inkişaf və sülh mesajları verir".
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri bərpa və quruculuq proseslərinin dövlət siyasətinin mərkəzində dayandığını bir daha təsdiqləyir:
"Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurun yalnız bərpasını deyil, həm də ölkənin iqtisadi, sosial və siyasi həyatına tam inteqrasiyasını hədəfləyir. Azad edilmiş torpaqlarda həyata keçirilən bu sistemli siyasətin Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğu bir daha aydın olur".