"Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması üçün UNESCO ilə əməkdaşlığı davam etdiririk".
“Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması UNESCO-nun diqqətini indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin dağıdılmasına cəlb edir: "Bu kitab bizi yeni fakt və sübutlarla silahlandırır. Bu il martın 27-də Qərbi Azərbaycan İcmasının rəhbərliyi və Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların bir qrupu UNESCO-ya müraciət edərək indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi. Mayın sonlarında müraciətimiz BMT-nin rəsmi sənədi kimi yayıldı və UNESCO-nun rəhbərliyi bizə rəsmi cavab vermək məcburiyyətində qaldı”.
Ə.Ələkbərli həmçinin xatırladıb ki, bu il sentyabrın 5-də UNESCO-dan İcmaya ikinci rəsmi cavab gəlib: "Məktubda mədəni irsin qorunması sahəsində müvafiq addımlar atılacağı bildirilib. Hazırda Qərbi Azərbaycan İcması Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyənləşdirilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirir".