I Vitse spiker: "Biz üçüncü respublikanın övladlarıyıq" - MÜSAHİBƏ - 1-ci hissə

I Vitse spiker: "Biz üçüncü respublikanın övladlarıyıq" - MÜSAHİBƏ - 1-ci hissə Ziyafət Əsgərov: "Hər bir Azərbaycan deputatı çalışır ki, öz məsuliyyətini dərk etsin"
Daxili siyasət
10 Dekabr , 2018 16:33
I Vitse spiker: Biz üçüncü respublikanın övladlarıyıq - MÜSAHİBƏ - 1-ci hissə
Azərbaycan Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov / Report/Elchin Murad

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun "Report"a müsahibəsinin I hissəsini təqdim edirik:

- Görüşümüz çox önəmli günə təsadüf edir. Azərbaycan Parlamentinin 100 illiyi tamam olur. Parlamentin bir əsrlik tarixini, xüsusən də ikinci dəfə müstəqillik qazandıqdan sonrakı dövrdəki fəaliyyətini necə xarakterizə edərdiniz?

- Əvvəla, fürsətdən istifadə edib sizi, xalqımızı bu gözəl yubiley münasibətilə ürəkdən təbrik edirəm. Düz 100 il əvvəl - 1918-ci il dekabrln 7-də Parlamentimizin ilk iclası olub. Arzu edirəm ki, dövlətimiz daha da inkişaf etsin. Bir kərə yüksələn bayrağımız heç vaxt enməsin!

İkinci dəfə dövlət müstəqilliyimizi əldə etdikdən sonra Parlamentin inkişafına gəlincə, əvvəla, onu deyim ki, biz artıq üçüncü respublika qurmuşuq, üçüncü respublikanın övladlarıyıq. Düzdür, mən ikinci respublikada - Azərbaycan SSR-də anadan olmuşam. Amma xoşbəxtlik nəsib oldu ki, üçüncü respublikamızı - 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycanı da gördük. Sözsüz ki, parlamentarizm ənənələri həm birinci, həm də ikinci respublika dövründə Azərbaycanda xeyli inkişaf edib. Amma, əlbəttə ki, müstəqllik elə müstəqllikdir. Müstəqil olmaq, suveren dövlət olmaq, onun Parlamentinin üzvü olmaq böyük bir xöşbəxtlikdir. Qeyd eləmək istəyirəm ki, dövlət müstəqilliyimizi əldə etdikdən bu günə qədər Azərbaycan Parlamenti xeyli qanunlar və qərarlar qəbul edib.

Bir qədər o dövrə - müstəqilliyimizi de-yure əldə etdiyimiz zamana ekskurs etmək istəyərdim. 1991-ci ildən 1993-cü ilin birinci yarısına qədər dövlət müstəqilliyimiz haqqında Bəyənnamə, Konstitusiya Aktı qəbul olunsa da, hüquqi dövlət quruculuğunda, yaxud konstitusion dövlət quruculuğunda elə də önəmli işlər görülmədi. Gəlin bir anlıq o dövrdə yaşananları göz önünə gətirək. Ölkədə anarxiya, xaos hökm sürürdü. Hətta deyərdim ki, dövlət müstəqilliyimiz çox böyük təhlükə qarşısında idi. O dövr yaxşı yadımdadır, BDU tələbəsi idim, sonradan universitetdə müəllim işləyirdim. Təəssüf edirəm ki, həmin dövrdə həm daxildə, həm də xaricdə müəyyən qüvvələr Azərbaycanın dövlət müstəqilliyinə qarşı çox ciddi işləyirdilər. Amma şükürlər olsun ki, 1993-cü il iyun ayının 15-də ulu öndərimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan, ölkədə hakimiyyətin rıçaqlarını, sözün əsl mənasında, xalqımızın dəstəyi ilə ələ aldıqdan sonra artıq ölkəmizdə inkişaf başladı. Bildiyiniz kimi, 1995-ci ildə ilk Milli Konstitusiyamızı qəbul etdik və ulu öndərin rəhbərliyi altında mən də həmin Konstitusiya Komissiyasının işçi qrupunun üzvü olmuşam. Ulu öndərimiz Konstitusiyanın qəbuluna və məzmununa çox böyük önəm verirdi. Əvvəla, bu, bizim ilk Milli Konstitusiyamız idi. İkincisi də, burada elə bəşəri ideyalar, dəyərlər təsbit olunmalı idi ki, əsrlər boyu arzusunda olduğumuz müstəqil dövlətin, onun vətəndaşlarının bütün hüquq və azadlıqları elə təmin olunsun ki, hər bir Azərbaycan vətəndaşı özünü rahat hiss eləsin. Yəni Konstitusiyanın hər bir norması, hər bir müddəası, hər bir maddəsi Azərbaycan vətəndaşının mənafeyini elə təsbit eləməli idi ki, bütün vətəndaşlar, bütün insanlar bundan faydalansınlar. Və, doğrudan da, belə də oldu. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktından sonra ilk dəfə belə geniş miqyasda hüquqi sənəd, bildyiniz kimi, referendum yolu ilə qəbul olundu. Ulu öndərimizin yaradılmış Konstitusiya Komissiyasının sədri kimi həmişə bizə tövsiyəsi ondan ibarət idi ki, Azərbaycan Konstitusiyası bizim ali qanunumuz olmaqla bərabər, onun əsasında qəbul edilən qanunlar da elə olmalıdır ki, Konstitusiyanın hər bir maddəsi, hər bir norması həmin qanunlarda inkişaf etdirilməli və əhalinin mənafeyinə xidmət etməlidir.

Konstitusiya qəbul olunandan sonra biz xeyli qanunlar qəbul etdik. Təsəvvür edin ki, ombudsman, Konstitusiya Məhkəməsi haqqında, hakimlərin və məhkəmələrin statusu ilə bağlı qanunlar, məcəllələr, mülki, mülki prosessual, inzibati, cinayət, cinayət prosessual məcəllələr və digər iri həcmli qanunlar qəbul etdik. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını möhkəmləndirmək, inkişaf etdirmək baxımından olduqca vacib sənədlərdir.

Konkret sayını deyə bilmərəm, amma minlərlə qanun qəbul edilib və bütün bu qanunların əsas fəlsəfəsi ondan ibarətdir ki, qəbul edilən bütün normativ hüquqi aktlar Konstitusiyamızın 12-ci maddəsində təsbit olunmuş müddəaya xidmət etsin; “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Bilirsiniz ki, biz artıq Avropa Şurasının insan hüquqları və əsas azadlıqları haqqında Konvensiyasına da qoşulmuşuq və bu Konvensiyanın tələblərinə uyğun olaraq, qanunvericiliyimizi getdikcə təkmilləşdiririk.

Eyni zamanda Azərbaycan dövlətinin inkişafı ilə bağlı bir neçə məsələni də xüsusi qeyd etmək istəyirəm. Bilirsiniz ki, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi, 2013-ci ildə ilk dəfə kosmik dövlət olduq, artıq kosmosa üç peykimizi buraxmışıq. Yəni insan hüquq və azadlıqları, humanitar və dini məsələlərlə bağlı Azərbaycan gözəl platforma seçilib və hər il bununla bağlı xeyli tədbirlər keçirilir. Eyni zamanda ölkəmiz mədəniyyət, incəsənət və idman sahəsində böyük təbirlərə ev sahibliyi edib. Bilirsiniz ki, 2012-ci ildə Avroviziya müsabiqəsi, 2015-ci ildə ilk Avropa Oyunlarıi, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirildi. Bütün bunlar o deməkdir ki, bu gün dünya dövlətləri, dünya ictimaiyyəti Azərbaycanla hesablaşır, Azərbaycana hörmət və ehtiram göstəririlər və Azərbaycanın sözü keçərlidir. Vaxtilə bizim məşhur simalarımızdan, ədiblərimizdən biri keçən əsrin əvvəllərində deyirdi ki, təəssüf edirəm ki, imzalar içində imzamız yoxdur. Amma şükürlər olsun ki, bu gün Azərbaycanın imzalar içində imzası da var, və nəinki imzası var, elə bir çox qlobal layihələrə də birinci biz imza atırıq. Regionda həyata keçirilən irimiqyaslı regional, o cümlədən beynəlxalq, qlobal layihələrin həyata keçirilməsinin çox vaxt təşəbbüskarı elə möhtərəm prezidentimiz, Azərbaycan olub. Bu gün biz o istqamətlə inkişaf edirik və inkişafımız belə də davam edəcək.

- Artıq 100 illiyi ərəfəsində Azərbaycan Parlementi öz qanunvericilik funksiyalarını tam olaraq yerinə yetirib?

- Bilirsiniz, qanunvericilik daimi normativ prosesdir. Nə qədər ki Azərbaycan dövləti var, nə qədər ki inkişaf var, qanunlar qəbul olunacaq. Bundan sonra da qəbul olunacaq. Minilliklər ərzində qəbul olunacaq. Yəni, nə qədər ki Azərbaycan dövləti mövcud olacaq, onun parlamenti də olacaq və qanunlar da qəbul ediləcək.

Mövcud dövrümüzün tələblərinə, beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq, eyni zamanda, üzvü olduğumuz beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalara uyğun olaraq, Azərbaycanda kifayət qədər kamil qanunvericilik bazası var. Bu mənada demək olar ki, doğrudan da Azərbaycan qanunvericiliyi çox təkmilləşdirilib, çox inkişaf edib və bu gün Azərbaycanda mükəmməl hüquqi qanunlar külliyatı formalaşıb.

- Azərbaycan qanunlarının, daha doğrusu, Milli Məclisin fəaliyyətinin icraedici srtrukturlarda tətbiqi mexanizmi necə, sizi qane edirmi?

- Ümumiyyətlə, mən həmişə deyirəm, qəbul edilmiş qanunun icrası olduqca vacib məsələdir. Qanunlar kifayət qədər təkmil, mükəmməl qəbul oluna bilər. Amma biz istəyirik ki, onların icrası da mükəmməl olsun, təkmil olsun. Çünki son nəticə etibarilə qəbul edilən qanun və onun icrası yenə gəlir dayanır vətəndaşın hüquq və azaqlıqları məsələsinə. Bizim qəbul etdiyimiz qanunlar, başda Konstitusiyamız olmaqla, insan və vətəndaşlar üçündür. Amma əlbəttə ki, iş olan yerdə müəyyən qüsurlar da olur bəzən. Yeri gəlmişkən, icra strukturlarımızla Milli Məclis arasında çox gözəl əməkdaşlıq var. Prezident Administrasiyası ilə, Nazirlər Kabineti ilə, digər mərkəzi hakimiyyət orqanları ilə çox gözəl əlaqələrimiz və əməkdaşlığımız var. Harda hiss olunur ki, müəyyən qanunlara əlavələr, dəyişikliklər eləmək lamzdır, biz onu edirik. Harda müəyyən olunur ki, ayrıca bir qanun qəbul eləmək lazımdır, biz onu da edirik. Çünki, bilirsiniz, ictimai münasibətlərin dinamikası müasir dövrdə həddinən artıq çevikdir. Və bu çevikliyə cavab vermək üçün operativ işləməliyik və bu sahədə də çalışrııq.

- 100 il bundan əvvəl Azərbaycan Parlementini təşkil edənlərin, ümumiyyətlə parlamentdə oturanların cəmiyyətdə kifayət qədər nüfuzu var idi. Adlarını çəkmirəm, alim olaraq, özünüz də yaxşı bilirsiniz. Necə düşünürsüz, 100 ildən sonra da Azərbaycan Milli Məclisində oturanlar, xüsusilə deputatların cəmiyyətdə o qədər nüfuzu varmı?

- Əvvəla, mən o dövrdə Azərbaycan Cümhuriyyətini quran insanlara Allahdan rəhmət diləyirəm. O dövrün çox gözəl parlamentariləri olub. Sözsüz ki, biz də bir dövlət olaraq, həmin Cümhuriyyətin hüquqi varisiyik və çalışırıq ki, çalışmalıyıq da ki, o dövrdə qoyulmuş gözəl ənənələri davam etdirək. O gözəl ənənələrin əsasında ilk növbədə müstəqillik və suverenlik dururdu. Hesab edirəm ki, hər bir Azərbaycan deputatı çalışır ki, öz məsuliyyətini dərk etsin. Düzdür, mətbuatda müəyyən yazılar da gedir, deputatların fəaliyyətinə qiymət də verilir, bu da normaldır. Biz hüquqi-demokratik dövlətdə yaşayırıq və hər bir insanın, hər bir Azərbaycan vətəndaşının haqqı var ki, Azərbaycan parlamentinin fəaliyyəti haqqında öz fikirlərini desin. Tənqid də edə bilər, tərifləyə də bilər, xoş söz də deyə bilər, qeyri-xoş söz də. Bu, onun hüququdur. Amma biz çalışırıq ki, Azərbaycanın istər daxili, istər xarici siyasətilə bağlı möhtərəm Prezidentimizin apardığı kursu, Azərbaycanın milli maraqlarını, Azərbaycanın suverenliyini qoruyan işlər görək, prezidentimizə dəstək olaq ki, Azərbaycan daha da inkişşaf etsin, daha da irəli getsin. Yeri gəlmişkən, onu da deyim ki, parlamentin 100 illiyi ilə əlaqədar təntənəli iclasda cənab Prezident deputatların fəaliyyətini yüksək qiymətləndirdi.

- Milli Məclisin son vaxtlar istər ictimaiyyətdə, istərsə də Milli Məclisin özündə depuatatların maddi təchizatının artırlması intensiv müzakirə olunur. Bu, birmənalı qarşılanmır, yeri gəlmişkən. Sizin fikirləriniz necədir bu məsələ ilə bağlı?

- Bildiyiniz kimi, bu məsələ həm mətbuatda, həm də parlament iclaslarında kifayət qədər müzakirə olunub. Ona görə də əlavə nəsə deməyə ehtiyac yoxdur.

- Bayaq özünüz də vurğuladınız ki, qanunvericlik funksiyası daimi prosesdir. Çünki həyat daim inkişaf edir. İndi demək olarmı ki, tam səmimi, Azərbaycan deputatı bu gün öz xalqını, öz seçicisini cəmiyyətdə tam təmsil edə bilir?

- Hər halda biz buna çox çalışırıq. Ümumiyyətlə, Azərbaycan parlamentinin hər bir üzvü, tam səmimi deyirəm, çalışır ki, öz seçicilərinin tapşırıqlarını yerinə yetirsin, onların qaldırdıqları məsələləri parlamentə daşısınlar və burda müzakirə olunsun. Əgər dövlət büdcəsinin müzakirəsinə fikir versəydiz, onda görərdiniz. Hər bir deputat öz bölgəsində olan müəyyən məsələləri burda qaldırırdı.

Əlbəttə, sənaye və kənd təssərrüfatının inkişafı, eyni zamanda yol, körpü, su, qaz, işıq və s.məsələlərlə əlaqədar infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı cənab Prezident vaxtaşırı müxtəlif sərəncamlar verir. Yeri gəlmişkən, bu titanik zəhmətinə görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

ARDI VAR...

Son xəbərlər

Orphus sistemi