İmişli Rayon Məhkəməsinin yeni müasir inzibati binası istifadəyə verilib

İmişli Rayon Məhkəməsinin yeni müasir inzibati binası istifadəyə verilib İki mərtəbədən ibarət binanın ümumi sahəsi 2.300 m2-dir
Daxili siyasət
29 Mart , 2017 18:37
İmişli Rayon Məhkəməsinin yeni müasir inzibati binası istifadəyə verilib

Bakı. 29 mart. REPORT.AZ/ İmişli rayonunda dövlət büdcəsi hesabına müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Bina ilə tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2.300 m2, iki mərtəbədən və zirzəmi qatından ibarət olan məhkəmə binası, digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünməklə müasir İKT-lə təchiz olunub, bu zaman ölkə Prezidentinin tapşırığına uyğun olaraq elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi və digər avadanlıqlar quraşdırılıb. Burada həmçinin, konfrans və iclas zalları, təlim otağı, kitabxana, arxiv, təqsirləndirilən şəxslərin saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur.

BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq İmişli Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Mərasimdə çıxış edən ədliyyə naziri ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verib.

Ölkə prezidentinin ötən ay imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamının müstəsna əhəmiyyəti qeyd olunaraq məhkəmələrin üzərinə bununla bağlı mühüm vəzifələrin düşdüyü bildirilib, insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti diqqətə çatdırılaraq, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılmanın vacibliyi vurğulanıb. Eyni zamanda, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi, qərəzli yanaşmanın, korrupsiyanın yolverilməzliyi qeyd edilib.

Mərasimdə çıxış edən İmişli rayon icra başçısı V.Hacıyev, millət vəkili Ç.Qənizadə və hakimlər regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi