Bakı. 29 yanvar. REPORT.AZ/ "Azərbaycanda 1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsi hakimiyyət böhranı ilə əlaqədar idi. O dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi. Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqlarımızın bir hissəsinin işğalında rol oynayıblar".
"Report" xəbər verir ki, bunu yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib.
Bu şəxslərin hakimiyyətə gəldikdən sonra bir-biriləri ilə mübarizə apardıqlarını, vəzifədən getdikdən sonra isə bəzilərinin qaçıb gizləndiyini deyən Prezident İlham Əliyev 1993-cü ildən Heydər Əliyevin ölkədəki vəziyyəti normallaşdırdığını bildirib.
"Heydər Əliyevin xidmətləri sayəsində “Əsrin müqaviləsi”nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma ulu öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı”, - deyən Prezident İlham Əliyev bildirib ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir. Bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir.