Yuxarı

​İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dövlət başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının hərbi sahədə uğurla inkişaf etdiyini bildirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, görüş zamanı dövlət başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyini və daim möhkəmləndiyini bildirib.

Hərbi sahədə əlaqələrimizin çox yaxşı tarixə malik olduğunu bildirən İlham Əliyev ölkəmizin müstəqilliyi dövründə əməkdaşlığımızın daha da genişləndiyini vurğulayaraq son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edib. Azərbaycan ilə Türkiyənin dünya miqyasında ən yaxın dövlətlər olduğunu deyən prezident ölkələrimizin bir-birini bütün məsələlərdə daim dəstəkləməsinin önəmini vurğulayıb. Dövlət başçısı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılacağına əminliyini ifadə edib.

Ordu generalı Hulusi Akar qardaşlıq təməli üzərində həyata keçirilən birgə təlimlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. O, həm Türkiyədə, həm də Azərbaycanda keçirilən təlimlər zamanı müxtəlif sahələr üzrə nümunəvi iş birliyinə nail olunduğunu vurğulayıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunan Hulusi Akar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dünyada misli olmadığını və böyük önəm daşıdığını deyib. O, Türkiyə və Azərbaycan prezidentlərinin rəhbərliyi ilə bu əlaqələrin qarşıdakı illərdə daha da genişləndirilənəcəyini əminliklə qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi