Yuxarı

​İlham Əliyev İtaliya Nazirlər Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə iki ölkə arasında əməkdaşlıq məslələri müzakirə olunub

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev fevralın 28-də İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçiriləcək ikinci iclasının səmərəli olacağına və yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirən dövlət başçısı Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətinin tədbirdə iştirakının önəmini qeyd edib.

Dövlət katibi Klaudio De Vinçenti “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasında iştirakından məmnun olduğunu bildirib. O, İtaliya Respublikasının baş naziri Matteo Renzinin prezident İlham Əliyevlə ötənilki görüşünü məmnunluqla xatırlayaraq baş nazirin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb. Qonaq “Cənub Qaz Dəhlizi” layihəsinin həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Ölkəsinin bütövlükdə bu layihəyə, xüsusilə Trans-Adriatik boru kəmərinin çəkilişinə böyük dəstək verdiyini və İtaliya hökumətinin bu istiqamətdə lazımi addımları atacağını deyən Klaudio De Vinçenti layihənin enerji təchizatı və nəqlinin şaxələndirilməsi baxımından da vacib olduğunu qeyd edib.

Görüşdə ölkələrimiz arasında mədəni sahədə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib, bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlərin əhəmiyyəti xüsusi qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İtaliya Respublikasının Baş naziri Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliyanın baş nazirinə çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi