Gəncədə 2 icra hakimiyyətinin qalmasına ehtiyac varmı?

Gəncədə 2 icra hakimiyyətinin qalmasına ehtiyac varmı? Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv olunması təklifini yerli sakinlər necə qarşılayır? Hər iki rayonun icra hakimiyyətləri ləğv olunarsa hansı yeniliklər olacaq, sakinlər bu təklif haqqında nə düşünür və təklif qəbul edi
Daxili siyasət
14 Sentyabr , 2020 16:33
Gəncədə 2 icra hakimiyyətinin qalmasına ehtiyac varmı?

Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv olunması təklifini yerli sakinlər necə qarşılayır?
Hər iki rayonun icra hakimiyyətləri ləğv olunarsa  hansı yeniliklər olacaq, sakinlər bu təklif haqqında nə düşünür və təklif qəbul edilərsə, ləğv edilmiş icralarda çalışanların aqibəti necə olacaq?

"Report"un Qərb Mərkəzi Gəncə sakinlərini maraqlandıran bu və ya digər suallara cavab tapmağa çalışıb.

Yerli sakinlər Nizami və Kəpəz inzibati ərazi bölgülərinin ləğv olunması təklifinin bir an öncə qəbul edilməsini arzulayırlar.

Səbəb isə hər iki icra hakimiyyətində müraciətlərə baxılmasında gecikmələrin olması ilə izah edilib.

Millət vəkili Müşfiq Cəfərovun sözlərinə görə, bu təklifin ən önəmli məsələsi vətandaş amilidir:

"Artıq 40 ildir ki, Gəncə şəhərində 2 rayon, Kəpəz və Nizami rayon icra hakimiyyətləri təmsil olunur. Hazırda bunların ləğvi ilə bağlı məsələ qaldırılıb. Təbii ki, mənim öz baxışlarım belədir ki, vətandaşlar daha çox problemlərinlə bağlı müraciət etmək üçün bir başa Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etməyə üstünlük verirlər. Düzdür, rayon icra hakimiyyətlərinə də müraciət edildiyi hallar da olur, lakin belə hallarda təkrarçılıq olur və vətəndaş süründürməçiliyi halları baş verir. Belə halların olmaması üçün məqsədə uyğun olar ki, vətəndaş yalnız bir quruma müraciət etsin və onların işi daha tez və daha operativ şəkildə öz həllini tapsın".

Hüquqşünas Səadət Seyidli bildirib ki, sözügedən təklifin qəbul edilməsi ləğv edilən icra hakimiyyətlərində bəzi ştatların ixtisara salınması ilə nəticələnəcək:

“Mən Nizami və Kəpəz rayon icra hakimiyyətlərinin ləğv edilməsinin tərəfdarı deyiləm. Çünki Gəncə şəhəri böyük bir şəhərdir və müraciət edən vətəndaşlar çox olur. Günü-gündən əhalisi artan bir şəhərdə icra hakimiyyətlərinə müraciətlər də artır. Bu günə qədər 2 icra hakimiyyətinə müraciət edilirdisə, artıq bir icra hakimiyyətinə müraciət ediləcək və bu da vətəndaşların daha çox növbə gözləmələrinə gətirib çıxaracaq. Mənim fikrimcə, bir icra hakimiyyətində ştatların artırılması olsa da, belə növbə çoxluğu səbəbindən vətəndaşların müraciətlərinə baxılmasında çətinliklər yaradacaq”.

Millət vəkili Naqif Həmzəyev isə bildirib ki, əgər Nizami və Kəpəz rayonlarının icra hakimiyyətləri ləğv edilərsə, orada çalışanların hüquqları mütləq qorunacaq və onların məşğulluq məsələləri də həll olunacaq:

"Birinci növbədə bu dəyişiklərdə əsas məqsəd ondan ibarətdir ki, praktiki olaraq tam səlahiyyəti olmayan bu iki sturuktur mərkəzə tabe edilsin, mərkəzdən idarə olunsun və səlahiyyətlərin bir qismi bələdiyyələrə həvalə edilsin, onların fəaliyyəti ön plana çıxsın. Burda hansısa bir ixtisardan söhbət getmir. Bu dəyişikliyin əsas məqsədi təkrarçılıq və büdcəni yükləyən əlavə xərcləri aradan qaldırmaqdır ki, bu xərcləri isə şəhərin digər problemlərinə yönlətmək olar. İdarəetmə mərkəzdən həyata keçirilirsə, vətəndaşların problemləri daha tez həl olunar, süründürməçilik və rüşvətxorluq halları olmaz”

Xatırladaq ki, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı təşəbbüs irəli sürülüb və bu günlərdə bu təşəbbüslə bağlı qərarın verilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi