Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə Şuşa, Füzuli, Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarında və Suqovuşan ərazisində yerləşən FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin hissələrində görüşlər keçirilib.
“Report” FHN-ə istinadən xəbər verir ki, tədbirlərdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev iştirak ediblər.
Görüşlərdə ilk olaraq Azərbaycanın azadlığı və ərazi bütövlüyünün təmin olunması zamanı canlarını fəda etmiş şəhidlərimizin, həmçinin erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ordumuzun böyük şücaəti və misilsiz qəhrəmanlığı sayəsində qazanılmış parlaq Qələbə münasibətilə təbriklərini çatdırıb.
Zəfər Gününün tarixi əhəmiyyətindən danışan Mehman İsmayılov vurğulayıb ki, 28 illik həsrətdən sonra noyabrın 8-də Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub və Vətən müharibəsinin taleyində həlledici rol oynayıb. Ermənistan iki gün sonra öz məğlubiyyətini etiraf edərək məcburi qaydada kapitulyasiya aktına imza atıb.
İttifaq sədri qazanılan möhtəşəm Zəfərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərindən danışarkən xüsusi vurğulayıb ki, Azərbaycan xalqı daim bir yumruq kimi öz müdrik Prezidentinin ətrafında sıx birləşəcək.
Natiq çıxışı zamanı Vətən müharibəsi dövründə Nazirliyin əməkdaşlarının fəaliyyətinə toxunaraq bildirib ki, FHN-in qüvvələri də müharibə dövründə əzmkarlıq nümayiş etdirib, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər.
Çıxışının sonuda işğaldan azad olunmuş ərazilərdə xidmət edən əməkdaşların şərəfli və məsul vəzifə daşıdıqlarını vurğulayan Mehman İsmayılov onlara göstərdikləri fədakarlıqlara görə təşəkkürünü bildirib.
Görüşlər zamanı hər bir hissəyə FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən zəruri sovqatlar təqdim edilib.