Fərid Şəfiyev: Azərbaycan mövcud geosiyasi qütblərdən heç birinə qoşulmur

Daxili siyasət
  • 18 noyabr, 2026
  • 11:46
Fərid Şəfiyev: Azərbaycan mövcud geosiyasi qütblərdən heç birinə qoşulmur

Azərbaycan mövcud geosiyasi qütblərdən heç birinə qoşulmur.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakı Slavyan Universitetində keçirilən"Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində" adlı konfransda deyib.

O bildirib ki, Azərbaycan bütün tərəflərlə bərabərhüquqlu münasibətlər qurmağa çalışır:

"Müasir dünyada bir sıra mühüm geosiyasi güc mərkəzləri mövcuddur. Onlardan ikisi ABŞ və Çindir. Azərbaycan hər iki ölkə ilə münasibətlərini inkişaf etdirir. Region dövlətləri ilə yaxşı qonşuluq münasibətlərinin qorunması və inkişaf etdirilməsi siyasətini həyata keçiririk. Təbii ki, müəyyən problemlər də mövcuddur. Son dövrlərdə baş verən bəzi hadisələr bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini və müstəqilliyini qorumaq məsələsində prinsipial mövqeyə malikdir".

F.Şəfiyev müstəqilliyin yalnız siyasi bəyanat və ya formal anlayış olmadığını vurğulayıb:

"İstər daxili, istərsə də xarici siyasətdə müstəqillik o deməkdir ki, dövlət öz qərarlarını müstəqil şəkildə qəbul edir və öz milli maraqlarına uyğun addımlar atır. Son günlər müşahidə etdiyimiz hadisələr göstərir ki, Azərbaycana qarşı təzyiqlər davam edir. Təəssüf ki, müxtəlif istiqamətlərdə, o cümlədən təhsil və xarici siyasət sahələrində bu cür təzyiq cəhdlərinin şahidi oluruq. Lakin bütün bu cəhdlər nəticəsiz qalır. Azərbaycanın ölkə Prezidentinin müəyyən etdiyi siyasi baxışı və xarici siyasət ənənələri var. Ölkəmiz məhz bu strateji baxışa əsaslanaraq fəaliyyət göstərir. İstər uzaq ölkələrdən, istərsə də ən yaxın tərəfdaşlarımızdan gəlsin, heç bir təzyiqi qəbul etmirik. Bu prinsip həm xarici, həm də daxili siyasətimizdə öz əksini tapır".

44 filmi