Ekspert: Sanksiya tətbiq olunmadığı üçün bəzi skuter sürücüləri yol hərəkəti qaydalarına məhəl qoymurlar

Daxili siyasət
  • 10 noyabr, 2026
  • 13:17
Ekspert: Sanksiya tətbiq olunmadığı üçün bəzi skuter sürücüləri yol hərəkəti qaydalarına məhəl qoymurlar

Sanksiya tətbiq olunmadığı üçün bəzi skuter sürücüləri yol hərəkəti qaydalarına məhəl qoymurlar.

Bunu "Report"a açıqlamasında nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

O bildirib ki, son vaxtlar kiçik elektrik nəqliyyat vasitələrinin (skuterlərin) iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır:

"Son dövrlər bu nəqliyyat vasitələrinin sayı artıb. Bakıda skuterlərin icarəyə verilməsi biznesi formalaşıb. Həmçinin artıq kuryerlər də bu nəqliyyat vasitələrindən istifadə edirlər. Mopedlər dövlət qeydiyyatına alındıqdan və moped sürücüləri üçün sürücülük vəsiqəsi tələbi tətbiq edildikdən sonra çatdırılma xidmətləri skuterlərdən istifadə etməyə başladılar".

Ekspert qeyd edib ki, ölkədə skuterlərin sayının artmasının digər səbəbi fərdi şəxslərin də bu vasitələri alaraq istifadə etməsi ilə bağlıdır:

"Müşahidələrim göstərir ki, skuter idarə edənlər arasında ən ciddi intizamsızlığa yol verənlər bu vasitəni icarəyə götürənlərdir. Bundan başqa, intizamsızlığa görə ikinci yerdə çatdırılma xidmətləri, üçüncü yerdə isə şəxsi skuteri olanlar dayanır. Bu nəqliyyat vasitəsinin sahibləri skuter özlərinə məxsus olduğundan daha diqqətli hərəkət edirlər. Həmçinin müşahidələr göstərir ki, onların bəzilərinin avtomobili var, lakin tıxaclara görə skuter alaraq istifadə edirlər. Yol hərəkəti qaydalarını bilənlər digərlərinə nisbətən daha az qayda pozurlar".

Ə. Hüseynov hesab edir ki yol polisi digər nəqliyyat vasitələri kimi skuterləri də saxlamalı, kobud qayda pozuntusu aşkarlandıqda müvafiq tədbir görməlidir.

Ərşad Hüseynov
Bu cür xoşagəlməz halların qarşısını almaq üçün bir sıra zəruri addımlar atılmalıdır

"İlk növbədə üç istiqamətdə maarifləndirmə işləri həyata keçirilməlidir. Birinci istiqamət əhaliyə yönəlmiş maarifləndirmə işləridir. Bunu müvafiq qurumlar həyata keçirməlidir. İkinci istiqamət kuryer xidmətləri göstərən, həmçinin skuterlərin icarəsini həyata keçirən şirkətlərin maarifləndirmə işləri aparmasıdır. Məsələn, skuter icarəyə götürən şəxsə tətbiqə daxil olarkən yol hərəkəti qaydaları haqqında materiallar göstərilə bilər. Bunu elə etmək lazımdır ki, icarəyə götürən şəxs sözügedən qaydalarla tanış olmağa həm məcbur, həm də maraqlı olsun. Üçüncü istiqamətdə isə Dövlət Yol Polisi əməkdaşları digər nəqliyyat vasitələri kimi skuterləri də saxlamalı, kobud qayda pozuntusu aşkarlandıqda müvafiq tədbir görməlidirlər".

Onun sözlərinə görə, təcrübə göstərir ki, bir sıra hallarda sanksiya tətbiq olunmadığı üçün bəzi insanlar normalara məhəl qoymurlar.

"Məsələn, vətəndaş görməlidir ki, skuter sürücüsü qırmızı işıqda keçəndə, piyada keçidində piyadaya mane olanda və ya yolun əksi istiqamətində gedəndə cərimə olunub. Hətta kobud qayda pozuntusu olmasa belə, polis həmin skuter sürücülərini saxlasa, bu onların yaddaşına həkk olar".

Ekspert deyib ki, bu nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün Dövlət Yol Polisi tərəfindən nəzarət tədbirləri həyata keçirilməlidir:

"Yol hərəkəti haqqında" Qanunda qeyd olunub ki, icarəyə verilən bütün skuterlərdə GPS cihazı olmalıdır. Bu cihazın məlumatları müvafiq qurumun informasiya sisteminə inteqrasiya edilməlidir. Yol polisi skuteri kimin icarəyə götürdüyünü və həmin şəxsin necə hərəkət etdiyini görməlidir. Məhz bu cür tədbirlər skuterlər vasitəsilə törədilən qayda pozuntularını xeyli azalda bilər".

Skuter idarə edən bəzi şəxslər yollarda sürücülərə, səkilərdə piyadalara ciddi təhlükə yaradırlar

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, idarə tərəfindən kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

"Paytaxt ərazisində skuter idarə edənlərin sayı günü-gündən artır və bu da öz növbəsində yol-nəqliyyat hadisələrinin baş vermə riskini daha da artırır. Bu tip nəqliyyat vasitəsini idarə edən bəzi şəxslər yollarda xaotik hərəkətlər edərək sürücülərə, səkilərdə isə piyadalara ciddi təhlükə yaradırlar ki, belə hallar da yolverilməzdir. Skuterləri nəzərdə tutulan xüsusi yerlərdə, velosiped zolaqlarında, həmçinin yolun sağ zolağı ilə nəqliyyat axınına mane olmadan idarə etmək lazımdır".

Qurumun məlumatında qeyd olunub ki, skuter sürücüləri tərəfindən qayda pozuntuları aşkarlandığı təqdirdə İnzibati Xətalar Məcəlləsinin 338.4-1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə də nəzərdə tutulub:

"Bütün bunları nəzərə alaraq, skuter sürücülərindən təhlükəsizlik qaydaları ilə yanaşı, yol hərəkəti qaydalarına da biganə yanaşmamaları xahiş olunur. Əks halda, onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək".

44 filmi