Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb
Daxili siyasət
27 İyul , 2017 20:40
Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib
Report

Bakı. 27 iyul.REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülmüş işlər müzakirə olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən nazir ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini, respublikamızın hərtərəfli inkişafının, sabitliyin və təhlükəsizliyin təmin olunmasını vurğulayıb, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarında nailiyyətləri qeyd edib.

Bildirilib ki, ölkəmizdə aparılan hüquqi islahatlar çərçivəsində vətəndaş haqlarının, o cümlədən azadlıq hüququnun qorunması, cəzaların icrası işinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə islahatların yeni mərhələdə aparılmasına əlavə təkan verən dövlət başçısının qeyd olunan proqram xarakterli sərəncamının icrası üzrə bir çox tədbirlər görülüb.

Belə ki, cəzaların humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, həbs qətimkan tədbirinin seçilməsi əsaslarının məhdudlaşdırılması və həbsə alternativ qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunub. Probasiya xidmətinin işinin təşkili və elektron nəzarət vasitələrinin istifadəsi ilə bağlı beynəlxalq təcrübə öyrənilib, "elektron qolbaq"ın nümunələri pilot qaydada sınaqdan keçirilib və hazırda ölkəmiz üçün daha uyğun modelin müəyyən olunması üzrə işlər yekunlaşdırılır.

Eyni zamanda penitensiar infrastrukturun müasirləşdirilməsi, bu xidmətin peşəkar kadr korpusunun formalaşdırılması, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin genişləndirilməsi üzrə əməli tədbirlər görülüb.

İctimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlıq qurulub.

Qeyd olunub ki, sərəncamda verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində ötən ilin birinci yarımili ilə müqayisədə istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilmiş insanların sayı isə 28% artıb. Bundan başqa, müxtəlif əsaslarla, o cümlədən cəzanın yüngüllüyü ilə bağlı hökmlərdən verilən protestlər də xeyli azalıb.

Kollegiyada sərəncamın icrası üzrə görülmüş işlərə dair geniş prezentasiya nümayiş etdirilib, bu mühüm sənəddə nəzərdə tutulan bütün tədbirlərin dürüst, mütəşəkkil və müəyyən edilmiş müddətdə həyata keçirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

İclasda həmçinin 2017-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən nazirliyin digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə də ətraflı məlumatlar səsləndirilib.

Bildirilib ki, nazirlik tərəfindən əvvəlki dövrlə müqayisədə 22% çox – 800-ə yaxın qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 970-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Nazirlik tərəfindən aparılan normativ aktların elektron bazasına (e-qanun.az) müraciət edən şəxslərin sayı 68% artaraq 365 minə çatıb.

Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 26 800-ə yaxın vətəndaş müraciətinə baxılıb, 7 mindən artıq vətəndaş nazirlikdə, habelə bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanları tərəfindən 1.89 milyondan çox notariat hərəkəti, habelə 156 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, vətəndaşlara əlverişli şərait yaradılaraq doğumun səyyar qaydada bilavasitə doğum evlərində aparılması geniş təşviq olunub. Aparılan notariat əməliyyatları nəticəsində 42 milyon manatadək dövlət rüsumu, haqq və vergi ödətdirilib.

Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də icra sənədlərinin sayı çoxalıb və 2016-cı ilin I yarımili ilə müqayisədə xeyli – 43% artaraq 694 mini ötüb, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin artıq 50,4%-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib.

Dövlət gənclər siyasətinə uyğun olaraq, yeni nəsil kadr korpusunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb, cari ildə 306 vakansiya üzrə təyinatlar aparılıb, digərlərinin komplektləşdirilməsi ilə bağlı birinci mərhələdə uğur qazanmış 248 şəxs üçün hazırda müsabiqənin ikinci mərhələsi başlanılır.

Ədliyyə Akademiyasında 2 200 ədliyyə işçisi və digər hüquqşünas tədris kurslarına cəlb olunub, Akademiyanın Hüquq Klinikasında 200-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

Yarımildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, İran, Gürcüstan, Ukrayna və İndoneziya ədliyyə nazirləri, eləcə də Belarus və Latviya Ədliyyə nazirliklərinin yüksək nümayəndə heyətləri ölkəmizə, habelə nümayəndə heyətimiz Əlcəzairə səfər etməklə əməkdaşlıq məsələləri müzakirə olunub, müvafiq sənədlər imzalanıb. Beynəlxalq öhdəliklərdən irəli gələn məsələlərlə bağlı 7.900-dək sorğunun icrası üzrə tədbirlər görülüb.

Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilərək ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə tərəfindən penitensiar müəssisələrə 32 başçəkmə həyata keçirilib, bu zaman 200-dən çox məhkuma hüquqi yardım göstərilib. Vaxtından əvvəl şərti azad edilməsi institutunun təşviqi ilə bağlı nazirlik üzrə Xüsusi Komissiya səmərəli fəaliyyətini davam etdirib və məhkəmələrə təqdim olunmuş 1.000-dən artıq məhkumun müraciəti müsbət həllini tapıb.

Kollegiyada, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlərə toxunulub, ötən ayda ölkə Prezidentinin iştirakı ilə Bakı şəhəri Nərimanov, habelə mart ayında İmişli rayon məhkəmələrinin yeni müasir binalarının istifadəyə verildiyi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə tədbirlər qeyd olunub.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud problemlər və çatışmazlıqlar müzakirə olunub, ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması ilə bağlı tələbləri diqqətə çatdırılaraq konkret tapşırıqlar verilib.

Eyni zamanda işin səmərəliliyinin artırılması, əmək və icra intizamının gücləndirilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, icra işinin müasirləşdirilməsi və bununla bağlı “Elektron icra”nın tam tətbiqi və digər qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Kollegiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı dövlət başçısının sərəncamının icrası üzrə tədbirlər müzakirə olunub, bu tarixi hadisənin və həmin ərəfədə qeyd olunacaq Azərbaycan ədliyyəsinin bir əsrlik yubileyi ilə əlaqədar konkret tapşırıqlar verilib, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Orphus sistemi