Ədliyyə naziri Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun nümayəndə heyəti ilə görüşüb

Ədliyyə naziri Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun nümayəndə heyəti ilə görüşüb Qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb
Daxili siyasət
31 May , 2017 18:46
Ədliyyə naziri Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun nümayəndə heyəti ilə görüşüb

Bakı. 31 may. REPORT.AZ/ Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) icraçı direktoru Veronika Keller-Engelsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verililən məlumata görə, görüşdə Azərbaycan və Almaniya Federal Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən və bu ay 25 illiyini qeyd edən Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunaraq 2009-cu ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Birgə Bəyanatın implementasiyası çərçivəsində İRZ-nin fəal iştirakı və həyata keçirilən tədbirlərdə dəstəyi qeyd edilib, hüquqi sahədə aparılan təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Qonaq İRZ-nin Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığını qeyd edərək qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduğunu və bunun üçün yaxşı perspektivlərin olduğunu bildirib.

Görüşdə probasiya və mediasiya institutlarının tətbiqi ilə bağlı təcrübə mübadiləsinin aparılması, hakimlərin və hakimliyə namizədlərin tədrisi, məhkəmə qərarlarının icrası və digər sahələr üzrə əməkdaşlığa dair məsələlər müzakirə olunub, konkret təkliflər irəli sürülüb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Səfər çərçivəsində İRZ-nin nümayəndə heyəti, həmçinin Ali Məhkəməyə baş çəkərək məhkəmənin binası və fəaliyyəti ilə tanış olub. Eyni zamanda qonaqlar ayrı-ayrı ədliyyə qurumlarında olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi