Bakı. 18 mart. REPORT.AZ/ “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Readmissiya məsələləri idarəsi haqqında Əsasnamə” təsdiq edilib.
"Report"un xəbərinə görə, qərarı Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev imzalayıb.
Əsasnaməyə görə, Dövlət Miqrasiya Xidmətinin Readmissiya məsələləri idarəsi Dövlət Miqrasiya Xidməti aparatının müstəqil struktur bölməsidir.
İdarə fəaliyyətini Xidmətin struktur bölmələri, sisteminə daxil olan qurumlar, ölkəmizin müvafiq dövlət orqanları, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, beynəlxalq təşkilatların nümayəndəlikləri, habelə xarici dövlətlərin aidiyyəti orqanları ilə əlaqəli şəkildə həyata keçirir.
İdarənin fəaliyyət istiqamətləri Xidmətin səlahiyyətinə aid olan readmissiya məsələləri üzrə Azərbaycanın beynəlxalq müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində və hüquqların həyata keçirilməsində, xarici dövlətlərin miqrasiya orqanları, habelə beynəlxalq təşkilatlarla readmissiya sahəsində əlaqələrinin yaranmasında iştirak etməkdir.