Buxarest. 11 may. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib.
"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, paytaxtın “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nda Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anım tədbiri təşkil olunub.
Tədbirdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, “SOCAR Petrolium S.A.” şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Ulu Öndərin xatirəsi yad edilib, büstü önünə əklillər qoyulub. Müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyimizin ilk illərində mürəkkəb siyasi vəziyyətin sabitliklə əvəz olunması, ölkədə sürətli iqtisadi-sosial inkişafın təmin olunması, Cənubi Qafqaz regionunda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsində Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilib, bu siyasətin hazırda da uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.