Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, əvvəlcə MSK-nın 3 və 5 yanvar tarixli iclaslarının protokolları təsdiqlənib.
Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.
65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsində Sorsor bələdiyyəsinin 52 və 53 saylı, Masallı Şəhər Seçki Dairəsinin Çaxırlı bələdiyyələri üzrə daxil olan şikayət xarakterli müraciətlər geri götürülüb.
Sonra 59 saylı Salyan Seçki Dairəsində Salyan bələdiyyəsinin 7 və 8 saylı məntəqələri, 86 saylı İsmayıllı Seçki Dairəsində Hacıhətəmli, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində Xanlıqlar, 76 saylı Lənkəran-Astara Seçki Dairəsində Mamusta, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində Çayırlı, 70 saylı Masallı Şəhər Seçki Dairəsində Yeddioymaq, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində Kürdmaşı bələdiyyələri üzrə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlərə baxılıb və əsassız hesab olunub.
Sonda cari məsələlərə baxılıb.