Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı heç bir seçki məntəqəsində pozuntu halı aşkar edilməyib.
“Report” xəbər verir ki, bunu Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko mətbuat konfransında deyib.
O, seçkilərin demokratik şəraitdə keçdiyini vurğulayıb: “Demokratiya haqqında çox danışmaq və müxtəlif sözlər gətirmək olar, amma qeyd etmək lazımdır ki, Azərbaycanda seçici ən geniş seçimə malik idi”.
S.Xomenko bildirib ki, o, digər müşahidəçilərlə birlikdə Füzuli, Şuşa və Xankəndidəki bütün seçki məntəqələrində olub: “Mən Azərbaycanda bir neçə dəfə olmuşam və yüksək hüquqi sistemdən xəbərim var. Ona görə də hərbi əməliyyatlardan sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycanda seçki prosesinin necə təşkil olunduğunu görməyə ehtiyac var idi”.
Belarus nümayəndəsi seçki məntəqələrində ailəvi şəkildə səs verməyə gələn vətəndaşların yüksək fəallığını qeyd edib.
S.Xomenko ümid edir ki, Azərbaycan və Belarusun formalaşmış parlamentləri arasında sıx münasibətlər qorunacaq: “Ölkələrimiz arasında möhkəm münasibətlərin və dostluğun nümunəsi kimi hər zaman bir-birinə kömək etməyə hazır olan prezidentlərin dostluğunu göstərmək olar”.
Sədr müavini sonda qeyd edib ki, İkinci dünya müharibəsi zamanı Belarusun azad edilməsi uğrunda həlak olan Azərbaycan qəhrəmanlarının xatirəsi hörmətlə yad edilir.